BAKI, 15 dek — Sputnik. Bu gün səhərə yaxın "Azneft" İB-nin N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş verən hadisə nəticəsində itkin düşən 10 neftçidən 6 nəfəri Hacıqabul rayonunun Atbulaq kəndinin sakinləridir. Sputnik modern.az-a istinadla xəbər verir ki, bunu Atbulaq kəndinin icra nümayəndəsi Tahir Güləliyev deyib.
Onun sözlərinə görə, itkin düşən neftçilərdən İlham Qafarov, Qorxmaz Rüstəmov, Cavid Bəhramov və adını dəqiqləşdirə bilmədiyi digər 3 nəfər də bu kənddəndir.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı "Facebook" səhifəsində Cavid Bəhramovun cəsədinin sudan çıxarıldığını deyib. "Facebook" istifadəçiləri, həmçinin itkin düşmüş maşinist Güloglan Zülfüqarovla operator Azay Zülfüqarovun qardaş olduğunu bildirirlər.