BAKI, 15 dek — Sputnik. "Bu gün Azərbaycanda iri məbləğdə dolların satışını iki qurum — ya Mərkəzi Bank ya da Dövlət Neft Fondu həyata keçirir. Hər iki qurum dolları banklara satır. Başqa heç kim onlardan dollar ala bilmir. Dollar əgər banklardadırsa, deməli, banklar da elə bunu "qara bazar"a çıxardır".
Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik-ə açıqlamasında belə deyib. Ekspert bildirib ki, banklar valyuta satanda Mərkəzi Bankın məzənnəsindən fərqləri maksimum 4 faiz ola bilər: "Bu da banklara sərf etmir. Ona görə də "qara bazar"a çıxardırlar ki, daha çox pul qazansınlar. Yəni, dolları "qara bazar"a, yalnız banklar çıxara bilər".
""Qara bazar"ın fəaliyyət göstərməsi bütövlükdə maliyyə sisteminə etimadı azaldır. Ən əsası istehlakçıların hüquqlarını pozur. "Qara bazar"dan aldığınız valyuta saxta ola bilər. Sabah gedib bunu kimdən tələb edəcəksiniz? İkincisi, bu halda valyuta əməliyyatlarının uçotu yoxdur. Üçüncüsü, bu, "çirkli pul"ların yuyulmasıdır. Deməli, bu, iqtisadiyyatımızda korrupsiyanı çoxaldır. Dördüncüsü, banklar bunu edəndə qazancından vergi verir. Belə olanda isə qazancından vergi vermir. Yəni, dövlət büdcəsinə ziyan vurur və s. "Qara bazar"ın fəsadları çoxdur", — Həsənov bildirib.
O, sözügedən problemin qarşısını, yalnız inzibati yolla almağı mümkünsüz hesab edir: "Bu gün Azərbaycanda çox anormal məzənnə siyasəti var. Dünyada valyuta məzənnəsi ilə bağlı iki sistem mövcuddur. Ya fiks məzənnədir. Yəni, Mərkəzi Bank valyutanın məzənnəsini müəyyən edir və istənilən banka istənilən qədər həmin məzənnə ilə valyuta satır. Lap 1 milyard almağa gəlsələr, yenə də satmalıdır. Amma Azərbaycanda son bir ildə Mərkəzi Bank banklara məhdudiyyət qoya-qoya ki, 4 faizdən o tərəfə keçə bilməzsiniz. Özü həmin məzənnə ilə banklara kifayət qədər valyuta satmır. Deməli, fiks məzənnə yoxdur".
"Dünyada olan ikinci sistem isə "üzən məzənnə"dir. "Üzən məzənnə" odur ki, banklara heç bir məhdudiyyət qoyulmur. Banklar istədiyi məzənnə ilə satır. Mərkəzi Bank istəyəndə satır, istəməyəndə satmır. Amma son bir ildə Azərbaycanda nə birinci sistem var, nə ikinci. Çünki, Mərkəzi Bank kifayət qədər satmır. Habelə, banklara müəyyən məhdudiyyət qoyub", — ekspert vurğulayıb.
Maliyyəçi "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nə də toxunub: "Orada müəyyən olunub ki, gələn il Azərbaycan tam "üzən məzənnə"yə keçəcək. Bu, artıq o deməkdir ki, banklara heç bir məhdudiyyət qoyulmayacaq. Hansı məzənnə ilə kim istəyəcək, elə də satacaq. Banklar istədiyi məzənnə ilə satacaqsa, "qara bazar" öləcək. "Qara bazar" harada əmələ gəlir? Harada ki, rəsmi bazarda məhdudiyyətlər var. Bu məhdudiyyətlər aradan qalxanda "qara bazar" avtomatik aradan qalxacaq".
"Son 10 ildə bizdə "qara bazar" yox idi. Çünki, onsuz da banklar satırdı. Mərkəzi Bankdan da istənilən qədər valyuta ala bilirdilər. Amma son bir ildən çoxdur ki, "qara bazar" var. Əgər tam "üzən məzənnə" rejiminə keçsək, "qara bazar" aradan qalxacaq. Hələlik isə inzibati yollarla olsa da, mübarizə aparmaq lazımdır", — o, əlavə edib.
Ə. Həsənovun fikrincə, tam "üzən məzənnə" rejiminə keçiddən sonra, ilk dövrdə böyük ehtimalla manat kəskin enə bilər: "Amma bir müddətdən sonra müəyyən qədər balanslaşacaq. İlk dövrdə ola bilər ki, 2 manatı da keçsin. Amma ilk panika, şok keçəndən sonra geri qayıdacaq. Analoji addımı 2 il bundan əvvəl Rusiyada atdılar. Yəni, rublu buraxdılar. İlk dövrdə rubl çox ucuzlaşdı. Sonra isə bir az bahalaşdı, öz bazar dəyərini tutdu. Bu gün Rusiyanın valyuta rejimi ən yaxşılarından biridir".