Əliməmməd Nuriyev: Korrupsiya hüquqpozmaları haqda məlumat verənlər qeydə alınacaqlar
Rusiyanın bir neçə federal orqanlarında korrupsiyaya qarşı mübarizə məsləhətçisi vəsifəsi yaradıla bilər. “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyir ki, Azərbaycanda da buna oxşar sistemlər var: “Bizdə hər bir mərkəzi icra hakimiyyəti yanında “İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq ictimai şuralar yaradılmalıdır və bir çoxlarında da onlar yaradılıb. İctimai şuralar həmin fəaliyyəti həyata keçirmək imkanına malikdir. İkinci tərəfdən, Azərbaycanda etika üzrə müfəttişlər institutu var, hansı ki korrupsiyaya qarşı, hüquq pozuntuları ilə bağlı və etik davranış qaydalarına əməl edilməsi məsələlərinə nəzarəti həyata keçirən qurumdur. Amma bu institut hər şeydən əvvəl yalnız korrupsiyanın nəticələrinə qarşı mübarizə aparan bir qurumdur”.
“Eyni zamanda, Azərbaycanda başqa bir institutun yaradılması istiqamətində “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda dəyişikliklər edilib. Həmin dəyişikliklərə görə, korrupsiya hüquqpozmaları haqda məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun qəbul edilib. Bu qanunun tələbinə görə, hər bir dövlət qurumunda müvafiq struktur yaradılacaq ki, korrupsiya hüquqpozmaları haqda məlumat verən şəxsləri qeydə alsın və onların müdafiəsini təmin etsin”, — deyə o bildirib.