Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Daha bir icra hakimiyyətində nöqsanlar aşkarlandı

© Photo : Nicat IsmailovZaqatala rayonu
Zaqatala rayonu - Sputnik Azərbaycan
Abunə olmaq
Zaqatala Rayon İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlarda həyata keçirilmiş auditin nəticələri açıqlanıb

BAKI, 14 dek — Sputnik. Hesablama Palatasının Kollegiyası 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-iyun aylarında Zaqatala Rayon İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib. Hesablama Palatasından Sputnik-ə bildiriblər ki, audit 4 qurumda həyata keçirilib və ümumilikdə 4,4 mln. manat məbləğində vəsait əhatə olunub.

Abşeron rayon İcra Hakimiyyəti - Sputnik Azərbaycan
HADİSƏ
Abşeron rayon İcra Hakimiyyətində ciddi qanun pozuntuları aşkarlanıb

Auditlə müəyyən edilib ki, Zaqatala Rayon İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən proqnozların tərtibi bir sıra hallarda iqtisadi əsaslandırmalar və hesablamalar aparılmadan, həmçinin real tələbatlar müəyyən edilmədən aparılıb, mənzil fondunun maliyyə təsərrüfat planı tərtib edilməyib, mənzil fondunun hər m²-ə düşən xərclər araşdırılmayıb, mənzil fondunun gəlirləri, o cümlədən mənzil haqqı az hesablanıb: "Küçələrin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahəsinə qulluq edilməsi xərcləri üzrə təqdim olunmuş proqnoz bu sahəni tənzimləyən müvafiq normalara uyğun müəyyən edilməyib, müntəzəm süpürülən sahələrin dislokasiyası təsdiq edilməyib və müvafiq illər üzrə "Abadlaşdırma xidmətləri haqqının ödənilməsi" paraqrafı üzrə xərclər tam araşdırılmadan proqnozlar tərtib edilərək təsdiq edilib".

Bundan əlavə, "Yolların əsaslı təmiri" və "Mənzil fondunun əsaslı təmiri" xərc maddələri üzrə vəsaitlərin istifadəsi zamanı, iş vahidlərinin qiymətinin artırılması hesabına büdcə vəsaiti podratçılara artıq ödənilib, 2014-cü ildə sanitar təmizlik, yaşıllıqlara qulluq və küçələrin işıqlandırılması işlərinə xidmət göstərilməsi məqsədi ilə ödənilmiş vəsaitin bir hissəsinin təyinatı dəyişdirilib, şəxsi həyətyanı və kommunal evlərin sahibləri ilə bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi məqsədi ilə bağlanmış müqavilələr üzrə vəsaitin alınması barədə müvafiq tədbirlər görülməyib.

"Qurumlar tərəfindən Satınalmalar üzrə qanunvericiliyin bəzi tələblərinə əməl edilməyərək satınalma proseduru keçirilmədən müqavilələr bağlanıb, keçirilən satınalmalarda isə iddiaçılardan müvafiq məlumatlar tələb edilməyib, podratçılarla bağlanılmış müqavilələrin xüsusi şərtləri tərtib olunmayıb, müqavilənin yerinə yetirilməsinin təminatı alınmayıb", — hesabatda bildirilir.

Hesablama Palatasının Kollegiyası Zaqatala Rayon İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən yol verilmiş nöqsanların müəyyən hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Kollegiya qərarının surəti İcra Hakimiyyətinə göndərilib. Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

Xəbər lenti
0