BAKI, 14 dek — Sputnik. Qısqanclıq zəminində daha bir qətl hadisəsi, ötən gün Xaçmaz rayonunda baş verib. Rayonda ürəyinə endirilmiş bıçaq zərbəsindən, 1967-ci il təvəllüdlü Quçiyeva Ruzarya Georgiyevna ölüb. Qadın öz evində yaralanıb və rayon Mərkəzi Xəstəxanasına yerləşdiriləndən bir neçə saat sonra keçinib. Bu barədə Sputnik-ə Xaçmaz rayon Polis İdarəsindən məlumat verilib.
Cinayət Heydər Əliyev prospektindəki evdə baş verib. Əməliyyatçılar tezliklə qətli törətməkdə şübhəli bilinən şəxsin izinə düşüblər. Əvvəllər oğurluq üstündə məhkum edilmiş, 1985-ci il təvəllüdlü yerli sakin Nəsirov Turxan Akif oğlu şübhəli şəxs qismində saxlanılıb.
Evində tək yaşayan Quçiyeva ilə Nəsirov arasında yaxın əlaqələr var imiş. Bazar ertəsi gecə Nəsirov onun qonağı olub. Qadın onunla münasibətlərini pozduğunu və özünə yeni sevgili tapdığını deyib.
Nəsirov bu sözlərdən möhkəm qəzəblənib. Nəticədə münaqişə baş verib və Quçiyevanın qonağı bıçağa əl atıb. Xaçmaz Rayon Prokurorluğu faktla bağlı istintaqı davam etdirir.