BAKI, 14 dek — Sputnik. Sinqapur istehlak etdiyi meyvə və tərəvəzlərin 90 faizini idxal edən kiçik bir ada ölkəsidir. Ancaq, ölkədə terraslara, boş torpaqlara və hətta səkilərə qurulan şəhər tarlaları yavaş-yavaş artır.
Sputnik BCC-yə istinadla xəbər verir ki, bu artımda ən çox "Edible garden city" ("Yeməli bağ şəhəri") layihəsinin müəlliflərindən biri olan 35 yaşlı Bjorn Lovun xüsusi rolu var. Son 4 ildir Lov şəhər əhalisinə öz kənd təsərrüfatı məhsullarını necə yetişdirə biləcəklərini öyrədir. Layihə çərçivəsində yetişdirdiyi məhsulları satır.
"Əkinçilik haqqında hər hansı bir fikrim yox idi. Sinqapurda bir tarla tapmaq şansınız yoxdur. Yaşamaq üçün bunun lazım olduğunu düşündüm", — Bjorn Lov deyir.
O, adada yetişdiriləcək məhsullarla bağlı yaşlı əkinçilərin fikirlərini öyrənir. Orqanik təsərrüfatlardan gətirdiyi toxumları şəhərdə əkərək öz meyvə tərəvəzlərini yetişdirir.
"Təbiət çox yaxşı bir müəllimdir. Sizə tarazlığın prinsipini öyrədir. İlk başlayanda hər tərəfdə böcək görüncə narahat olurdum. İndi onları təbiətin çox əhəmiyyətli bir parçası olduğunu görürəm. Bu, həyatın hər zaman dəyişməkdə olduğuna və təkrar etmədiyinə dair bir fəlsəfədir", — deyir Lov.
O və həyata yoldaşı Crystal Tan reklam sektorundakı işlərini buraxıb, 4 il ərzində orqanik təsərrüfatlarda çalışıblar. Lov deyir ki, şəhərlilər yedikləri şeylərin haradan gəldiyini belə, bilmirlər: "Layihənin həyata keçirilməsi nəticəsində şəhərdəki restoranlar yerli məhsulları öz yeməklərində istifadə edirlər".
Lov layihənin sonrakı mərhələsində məqsədinin tarlaları Sinqapura yaymaq olduğunu söyləyir. "Edible Garden City" şirkətini gəlirinin isə 2017-ci ildə 1 milyon dollara çıxması gözlənilir.