BAKI, 14 dek — Sputnik. "Azərbaycanda imtahanların ödənişli olması üçün, Dövlət İmtahan Mərkəzinin xidmətləri Tarif Şurasının müvafiq siyahısına daxil edilməlidir". Sputnik xəbər verir ki, bu gün, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, "Ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları" ilə bağlı keçirdiyi mətbuat konfransında belə deyib.
Onun sözlərinə görə, Nazirlər Kabineti tərəfindən müvafiq qərar verildikdən sonra yeni xidmətlər ictimaiyyətə açıqlanacaq: "İmtahanların hansı formada keçirilməsi barədə işçi qrup səviyyəsində müzakirələr daimi aparılır. İqtisadçılar, Dövlət İmtahan Mərkəzi və Tarif Şurasının mütəxəssisləri ilə birgə müzakirələr aparıldıqdan sonra müəyyən sənədlər hazırlanaraq Maliyyə Nazirliyinə təqdim edilir, amma bu prosesləri hüquqi müstəviyə keçirmək üçün Nazirlər Kabinetinin qərarı lazımdır".
"Prezidentin aprel ayında Dövlət İmtahan Mərkəzi ilə bağlı müvafiq fərmanı var idi. Nazirlər Kabinetinə göstəriş verilib ki, bütün qanunlar və normativ sənədlər yeni fərmana uyğunlaşdırılsın. İlk olaraq bu uyğunlaşdırma aparılmalıdır. Bundan sonra artıq yeni funksiyalarımızın necə icra olunacağı müəyyənləşəcək və bu sahədə legitimlik yaranacaq. Daha sonra ictimaiyyətə yeniliklər barədə açıqlama verə biləcəyik. Hazırda Dövlət imtahan Mərkəzi olaraq bununla əlaqədar hökumətin qərarını gözləyirik", — Abbaszadə bildirib.