BAKI, 14 dek — Sputnik. Qarabağ müharibəsi əlili Bəxtiyar Bayramov niyə öz avtomobilini yandırmasına Qax rayon Polis İdarəsi aydınlıq gətirib. Qax rayon Polis İdarəsindən Sputnik-ə verilən məlumata görə, Bayramov yol hərəkəti qaydalarını pozub və o, AR İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.1 və 332.4-cü maddələri ilə 400 manat məbləğində cərimə edilib.
"Avtomobil sahibi 3 ay müddətində cəriməni ödəyə bilməyib və onunla bağlı İXM-nın 529.3-cu maddəsi ilə inzibati protokol tərtib edilərək Qax rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Bayramov sürücülük hüququndan məhrum edilib. Nəticədə məhkəmənin qərarından qəzəblənən Bayramov öz maşınına benzin tökərək ona od vurub", — deyə polis bildirib.
Qeyd edək ki, "Facebook" sosial şəbəkəsində Bayramovun etiraz əlaməti olaraq öz maşınını yandırması ilə bağlı video yayılıb. Şayiələrə görə, bu yolla Qarabağ müharibəsi əlili ona cərimə yazan Qax rayon Dövlət Yol Polisi İdarəsinin rəisi Ayaz Məmmədova öz etirazını bildirib.
Lakin Qax RPİ-dən bildirilib ki, yol polisi rəisinin bu məsələ ilə bir əlaqəsi yoxdur: "Bayramov öz avtomobilini məhkəmənin qərarına etiraz olaraq yandırıb. Ona cəriməni Ayaz Məmmədov yazmayıb".
Polis, həmçinin əlavə edib ki, baş vermiş hadisə ilə əlaqədar Bayramov artıq ərizə yazıb və bildirib ki, onun heç kəsə qarşı iradı yoxdur. Bayramov dörd uşaq böyüdür və yandırdığı bu avtomobillə yük daşıyaraq, ya da taksi xidməti göstərərək çörəkpulu qazanırmış. O, bu yolla uşaqlarını dolandırıb. Buna görə də, aydındır ki, çoxuşaqlı atanı çörəkpulu qazandığı bu vasitəni yandırmağa vadar edən səbəb maddi imkansızlıqdır.