BAKI, 14 dek — Sputnik. "Tam "üzən məzənnə" rejiminə keçid həyata keçirilməlidir və bu baxımdan, ilk növbədə yaxın və ortamüddətli dövrdə məzənnə siyasətinin əsas strateji hədəfi kimi idxalın əvəzlənməsi siyasətinin dəstəklənməsi prioritet seçilə bilər".
Bu, Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində əksini tapıb. Tədbirlər Planına əsasən, tam "üzən məzənnə" rejiminə keçid 2017-ci ildə təmin olunacaq. Burada əsas icraçı Azərbaycan Mərkəzi Bankı (AMB), digər icraçılar isə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasıdır.
Məsələ ilə əlaqədar millət vəkili Vahid Əhmədov Sputnik-ə açıqlamasında deyib ki, hazırda da "üzən məzənnə" siyasətinə keçid prosesi gedir: "Bu, artıq Mərkəzi Bank tərəfindən elan edilib. Düzdür, indi tənzimlənən "üzən məzənnə" siyasətidir. Mərkəzi Bank istəyir ki, tam "üzən məzənnə" siyasəti olsun".
"Yarımçıq da olsa, tam da olsa, Mərkəzi Bank onsuz da bazara müdaxilə edəcək. Çünki, Mərkəzi Bank pul-kredit siyasətinə cavabdeh bir orqandır. Baxmayaraq ki, tələb və təklif müəyyən qədər gəlib öz yerini tapacaq, yəni, idxal ilə ixracda ciddi problem olmayacaq. Onda 2017-ci ildə tam "üzən məzənnə" siyasətinə keçiləcək. Amma bunu başlı-başına buraxmayacaqlar. Mərkəzi Bank pul-kredit siyasətinə, inflyasiyaya, manatın məzənnəsinə cavabdeh bir təşkilat olduğu üçün, istənilən vaxt bunu nəzarətdə saxlayacaq", — deputat bildirib.
Onun fikrincə, bu, investisiyanın cəlbi üçün çox böyük əhəmiyyət kəsb edir: "Çünki, birincisi manata etibar olacaq. Bilinəcək ki, manat bu çərçivədə fəaliyyət göstərəcək, o çərçivədən o yana nə bahalaşma, nə də ucuzlaşma olacaq. Bu da investorlar üçün şərait yaradır ki, artıq manata etibar artsın, Azərbaycana yatırım etsinlər. Azərbaycan investorları üçün də bu, çox əhəmiyyətlidir".
"Burada əsas məqsəd manata etibarlılığı artırmaqdır. Bir var ki, hər gün gündə inflyasiya getsin, milli valyuta dəyərdən düşsün, bir də var, müəyyən müddət üçün təyin edilsin ki, bu, artıq bazar qiymətidir və bu səviyyədə də saxlanılacaq", — deyə V. Əhmədov qeyd edib.
İqtisadçı-ekspert Rəşad Həsənov da hesab edir ki, Azərbaycanda liberal iqtisadi mühit, xüsusilə də xarici investorun iştirakçılığı ilə bazar formalaşdırmaq istəyiriksə, görüləcək ilk işlərdən biri, məhz liberal məzənnə siyasətinin — "üzən məzənnə" rejiminə keçidin tam təmin olunmasıdır. "Çünki, bizdə hazırda tənzimlənən "üzən məzənnə" rejimidir. Müşahidə edirik ki, burada məzənnənin formalaşmasına ciddi müdaxilələr baş verir. Bu da, xüsusilə xarici investor üçün ürəkaçan deyil", — o, Sputnik-ə açıqlamasında deyib.
"İkincisi, Azərbaycanın tənzimlənən məzənnə siyasətini həyata keçirmək üçün bütün imkanları tükənib. Mərkəzi Bankın faktiki olaraq 4 milyard ABŞ dolları həcmində valyutası var. Eyni zamanda, son 2 il göstərdi ki, Neft Fondunun vəsaitlərinin kütləvi şəkildə ölkəyə gətirilməsi hökumət tərəfindən nəzərdə tutulmur. Digər tərəfdən, vəsaitlərin likvidliyi məsələsi problemdir. Çünki, Neft Fondunun orta və uzun müddətli dövr üçün investisiya siyasəti olub. Bu baxımdan da vəsaitləri qısa müddətdə likvidləşdirib, nağdlaşdırıb ölkəyə gətirmək, eyni zamanda valyuta bazarlarında bu vəsaitlərin məzənnənin tənzimlənməsi məqsədilə aktivliyini təmin etmək mümkün deyil", — iqtisadçı vurğulayıb.
Həsənov, üçüncü nüans kimi, hazırda Neft Fondunda əlavə manat kütləsinin yarandığını göstərir: "Əslində bu, Neft Fondunun strateji idarəetməsinə uyğun deyil. Çünki, Neft Fondu vəsaitləri daha likvid valyutalarda, eyni zamanda, səhmlərdə, qiymətli kağızlarda saxlamalıdır. Amma Azərbaycan manatında bu vəsaitlərin olması, əslində növbəti dövrlər üçün onun dəyərsizləşməsinə səbəb olur. Hələlik Neft Fondunun növbəti dövrlər üçün büdcə qarşısında öhdəliyini yerinə yetirməyə də kifayət qədər manatı var və bazarda iştirak etməyə bilər".
İqtisadçı-ekspert Samir Əliyev də Sputnik-ə açıqlamasında "üzən məsənnə"nin perspektivləri haqda fikirlərini bölüşüb: "Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsinin qəbulu ilə "üzən məzənnə" məsələsi yenidən gündəmə gəldi. Söhbət artıq tam "üzən məzənnə"dən gedir. Çünki sənəddə tam "üzən məzənnə" rejiminin tətbiqinə keçid hədəflənib. Sənəddə qeyd edilir ki, istehlak səbətində idxal məhsullarının payının azaldılmasına nail olma səviyyəsinə uyğun şəkildə məzənnə üçün faktiki tətbiq edilən dəhliz genişləndiriləcək, ortamüddətli dövrdə isə tamamilə ləğv ediləcək. Eyni zamanda bazarda hedcinq və məzənnə risklərindən sığortalanmağa imkan verən maliyyə alətlərinin tətbiqi nəzərdə tutulur".
Ekspert bildirib ki, hökumətin "üzən məzənnə"yə keçmək istəyi başa düşüləndir və gələcəkdə maliyyə sabitliyinin əsas qarantlarında biri ola bilər: "Baxmayaraq ki, Mərkəzi Bank dekabrın 21-dən sonra "üzən məzənnə"yə keçidi elan edib, proseslər göstərdi ki, baş bankımız yumşaq desək, buna nail ola bilməyib. Çünki dolların manata qarşı məzənnəsini tələb və təklifin səviyyəsi yox, Neft Fondu və Mərkəzi Bankın valyuta ehtiyatları, eyni zamanda ikincinin inzibati müdaxilələri müəyyənləşdirir. Belə olmasaydı, Mərkəzi Bankın valyuta ehtiyatları "üzən məzənnə"yə keçiddən sonra 5 milyardan 4 milyarda qədər azalmazdı. "Üzən məzənnə"yə keçdikdən sonra Mərkəzi Bank bazara 1 milyarddan çox dollar satıb. Sonuncu dəfə sentyabrda 100 milyon dollar satıb. Neft Fondunun 2016-cı ildə satışı isə 4,6 milyard dollardan çox olub".
"İndi əsas sual budur: Tam "üzən məzənnə"yə keçid mümkündürmü və bu halda manatın dollar qarşısında məzənnəsi necə olacaq? Əvvəllər olduğu kimi, bir daha fikrimdə qalıram ki, yaxın dövrdə Azərbaycanda tam "üzən məzənnə"yə keçid mümkün deyil. Azərbaycan iqtisadiyyatının mövcud durumu ölkəni neftdən kənar dollarla təmin edəcək durumda deyil. Ölkəyə, əsasən 3 mənbədən valyuta gəlir: Neft Fondu, Mərkəzi Bank və SOCAR. Neft Fondu valyuta bazarına ayda 300-400 milyon dollar (bəzi hallarda daha çox) töhfə verir. SOCAR nəinki əldə etdiyi dolları bazara yönəltmir, hətta bazardan dollar alışı (istiqraz və xarici borc öhdəlikləri) həyata keçirir. Mərkəzi Bank isə, valyuta ehtiyatları kəskin azaldıqdan sonra (hazırda 2008-ci il səviyyəsindədir) bazarda "oyunçu" funksiyasını hərrac təşkilatçısı funksiyası ilə dəyişib. Digər mənbələr valyuta bazarına təsir etmək iqtidarında deyil", — S. Əliyev qeyd edib.
Onun sözlərinə görə, ölkədə dollar əmanətlərinin ucuz olması bankları xaricdən resurs cəlb etməyə maraqlı etmir: "Deməli, ölkənin valyuta bazarı hazırda, ancaq Neft Fondundan asılıdır. Hesablamalarımıza görə, aylıq valyuta kəsirimiz təxminən 300-400 milyon dollar aralığında dəyişir. Həmin kəsiri örtmək üçün ya devalvasiyaya gedilməlidir, ya Neft Fondu satışı artırmalıdır, ya da ixracı artırmalıyıq (idxalı azaltmalıyıq). Bu, ona bənzəyir ki, ürəyi qanla təmin edən damarların, yalnız biri tam işləyir, biri natamam işləyir, digərləri isə tam tutulub".
"Bizim yolumuz daha çox ixracı gücləndirmək olmalıdır. Bunun üçün keyfiyyət və qiymət amili nəzərdən qaçırılmamalıdır. Tam "üzən məzənnə"yə keçidin narahatçılığı, təkcə manatın ucuzlaşması ilə bağlı deyil. "Üzən məzənnə" həm də manatın məzənnəsinin qeyri-sabit olması deməkdir. Ölkə iqtisadiyyatının diversifiksiya səviyyəsi nə qədər aşağı olsa, manatın məzənnəsinin oynaması bir o qədər kəskin olacaq. Bu isə biznes üçün təhlükə, əhali üçün sosial gərginlik yarada bilər", — iqtisadçı vurğulayıb.
Tam "üzən məzənnə"yə keçid zamanı manatın məzənnəsinin nə qədər olması ilə bağlı suala ekspert belə cavab verib: "Bu sahədə səsləndirilən istənilən rəqəm, əsaslandırılması mümkün olmamaqla yanaşı, reallıqdan uzaqdır. Tam "üzən məzənnə"yə keçən zaman manatın hansı həddə qədər ucuzlaşacağını demək çox çətindir. Bu, hansısa futbol oyununda qapılara nə qədər top vurulacağı ilə bağlı yox, nə qədər aut və künc zərbəsi olacağı ilə bağlı verilmiş proqnoza bənzəyir. Çünki burda, təkcə tədiyyə balansının mövcud durumu rol oynamır. Əhalinin psixoloji vəziyyəti, iqtisadiyyatın dollarlaşma səviyyəsi, hökumətin davranışı, kapital axınının səviyyəsi də təsir edir. Bircə məsələ aydındır ki, tam "üzən məzənnə"yə keçid növbəti kəskin devalvasiya olmaqla yanaşı, manatı ucuzlaşdıracaq. Bu ucuzlaşmanın hansı həddə qədər olacağını isə zaman göstərəcək".