BAKI, 14 dek — Sputnik. Bakıda və Abşeron yarımadasında dekabrın 15-də arabir qar yağacağı, yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi, gecə və səhər çovğun olacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, arabir əsən güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturu Abşeron yarımadasında 1-3 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, Bakıda gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək. Yolların buz bağlama ehtimalı var.
Azərbaycanın rayonlarında dekabrın 15-də arabir yağış, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.