Pərviz Heydərov: Mən problemin həlli yolunu özəlləşdirilmədə görürəm
Maliyyə nazirliyinin oktyabrın 1-nə olan məlumatına görə, Azərbaycanın xarici dövlət borcu 7 milyard 650,7 milyon ABŞ dollarıdır. İqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, xarici dövlət borcunun artıb təhlükəli həddə çatmaması üçün biz, müxtəlif dövlət strukturlarının cəlb etdikləri vəsaitlərə diqqəti artırmalıyıq: “Biz bunların qarşısını almalıyıq. Azərenerji, Neft Şirkəti və Azəraluminium kimi digər qurumların səhmlərinin böyük bir hissəsi dövlətə məxsusdur. Buna görə də, onlar, yarıtmaz idarəetmənin nəticəsində kənardan cəlb etdikləri vəsaiti sonradan dövlətin belinə qoyurlar”.
“Mən hesab edirəm ki, biz ilk növbədə məsələnin bu tərəfinə ciddi diqqət yetirməliyik. Yəni, səhmlərinin çox hissəsinin dövlətə aid olan strukturların xaricdən vəsait cəlb etmələrinin qarşısını almalıyıq. Mən bunun həlli yolunu həmin strukturların yaxın perspektivdə, ən uzağı isə orta müddətli perspektivdə özəlləşdirilməsində görürəm”, — deyə o əlavə edib.