BAKI, 13 dek — Sputnik. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Sabir Hacıyev, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) komitə iclaslarında iştirak etmək üçün, dekabrın 13-də Fransanın paytaxtı Parisə səfər edəcəklər. Milli Məclisin mətbuat xidmətindən Sputnik-ə bildiriblər ki, qurumun Siyasi işlər və demokratiya komitəsində Avropada təhlükəsizliyin təmin edilməsi və regionda stabillik üçün risklər, hökumət dairələrində korrupsiya ilə mübarizə, Livanda vəziyyət, Misirdə siyasi durum, yeni məruzəçilərin təyin edilməsi məsələləri ilə bağlı fikir mübadiləsi keçiriləcək.
Monitorinq komitəsinin yığıncağında prosedur qaydaların təkmilləşdirilməsi, Ukraynada demokratik institutların fəaliyyəti, Türkiyə ilə dialoq, Gürcüstanda və Moldovada keçirilmiş parlament və prezident seçkilərinin nəticələrinə dair müzakirələr aparılacaq. Millət vəkilləri bu tədbirlərdə qaldırılan məsələlərə öz münasibətini bildirəcək, rəy və təkliflərini verəcəklər. Səfər dekabrın 16-da başa çatacaq.