BAKI, 13 dek-Sputnik. ABŞ-ın seçilmiş prezidenti Donald Tramp ölkənin iri neft şirkəti "ExxonMobil"ın (Ekson Mobayl) rəhbəri Reks Tillersonu dövlət katibi postuna gətirəcək. Sputnik xəbər verir ki, əvvəlcə bu məlumat xarici KİV-lərdə yer alıb, daha sonra Tramp özü bu informasiyanı öz Twitter hesabında təsdiqləyib.
Tramp Tillersonu dünyanın ən böyük əsl biznes liderlərindən biri adlandırıb: "Onun əzmi, zəngin təcrübəsi və geosiyasət barədə dərin anlayışları onu dövlət katibi vəzifəsi üçün gözəl seçimə çevirir. O, regional sabitliyi təşviq edəcək və diqqətini ABŞ üçün önəmli olan milli təhlükəsizlik maraqları üzərində cəmləşdirəcək".
Trampın inauqurasiyası 20 yanvar 2017-ci il tarixində olacaq. Bundan sonra o, nazir postuna və öz hökumətinə namizədlərin siyahısını baxmaq üçün rəsmən Konqressə təqdim edəcək.
Reks Tillersonun 64 yaşı var. O, Ostindəki Texas Universitetini bitirib. Tillerson 40 ilə yaxın "ExxonMobil" şirkətində işləyib. O, bu şirkətdə sadə mühəndis kimi fəaliyyətə başlayıb və 1990-cı illərin sonunda şirkətin Rusiyadakı layihələrinə rəhbərlik edib.
Tillerson 2006-cı ildən "ExxonMobil"a rəhbərlik edir. 2011-ci ildə Arktikada qazıntı işləri ilə əlaqədar "Rosneft"lə saziş bağlayıb. 2014-cü ildə "ExxonMobil" Barak Obama administrasiyasının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla əlaqədar olaraq iştirakçısı olduğu layihələri dayandırıb. Tillerson açıq şəkildə sanksiyaların effektivliyinə şübhə etdiyini bildirib.
Daha əvvəl isə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bəyan etmişdi ki, Kreml Trillersonu professional hesab edir.