BAKI, 12 dek — Sputnik. 1945-ci il dekabrın 12-də Məşrutə inqilabının ildönümündə Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında yeni inqilab qələbə çalıb.
Cənubi Azərbaycan Milli Məclisinin qərarı ilə Pişəvərinin başçılığı altında Milli Hökumət qurulub.
Azərbaycan Milli Höküməti xalqın böyük dəstəyilə dövlətin bir sıra mühüm işlərini həyata keçirməyə başladı. Təbriz Dövlət Universitetinin və çoxlu sayda orta məktəblərin açılması, Milli teatrın və mili filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi və s. kimi işlərlə Azərbaycan Milli Höküməti bir ildə iyirmi illik İran höküməti dövründən qat-qat artıq bir irəliləyiş əldə etmişdi.
Amerikalı hüquqşünas Uliyam Duqlas 1950-ci ildə Güney Azərbaycana getmiş və yerli camaatın Milli Hökümətin və onun Baş Naziri Seyid Cəfər Pişəvərinin xidmətləri kimi xatırlatdığı dəyişiklik və islahatların siyahısını tərtib etmişdi.
Azərbaycan Milli Höküməti torpaq islahatını həyata keçirdi;
Hökümət iri bankları milliləşdirdi;
Dövlət məmurlarının rüşvət almasını əngəlləyən ciddi qanunlar qəbul olundu;
Şəhərlərlə yanaşı, kəndlərdə xidmət göstərən səyyar xəstəxanalar və sağlamlıq klinikaları yaradıldı
Əsas malların qiymətlərinə ciddi şəkildə nəzarət edilirdi. Ərzaq məhsullarının gizlədilməsinə görə ağır cəza verilirdi;
Sosial proqramın həyata keçirilməsinə başlanıldı, işsizlər işlə təmin olundu;
Güney Azərbaycan Milli Ordusu yaradıldı.
Təəssüf ki, hərəkata dəstək verən sovet qoşunları İranı tərk edəndən sonra şah rejimi Milli Hökumət üzərinə hücuma keçdi və o, bir il sonra, 1946-cı il dekabrında süqut etdi. Azərbaycan SSR-ə mühacirət edən Pişəvəri 1947-ci il iyununda müəmmalı avtomobil qəzasında həlak oldu.