Türkiyəyə iqtisadi müharibə elan edildi

© REUTERS / Murad SezerYavuz Sultan Səlim körpüsünün açılış mərasimi. İstanbul, 26 avqust 2016-cı il
Yavuz Sultan Səlim körpüsünün açılış mərasimi. İstanbul, 26 avqust 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
15 İyul gecəsi FETO terror təşkilatının vasitəsilə tanklar, bombalar və qırıcılarla işi həll edə bilmədilər. İndi isə bu çirkin niyyətin iqtisadi tərəflərini işə salırlar.

Tarix boyu türklər əsarət altında yaşamayıb, istiqlalını heç bir şeyə dəyişməyib. Keçmişdə Bizans imperiyasını arxivə gömmüş, çağ açıb, çağ bağlayıb. Çox geniş bir coğrafiyaya hökmranlıq edərək İslamın yayılmasına vəsilə olub. Əzablı həyat sürüb, qarşılığında ağır əvəzlər ödəyib. Varlığını qorumaq üçün canını ortaya qoyub, döyüşüb, amma hürriyətindən, müstəqilliyindən güzəşt verməyib.

Bir öncəki yazımda türklərin qərblilərlə ilk tanışlığı barədə yazmışdım. Bu tanışlıq səngərlərdə, Qanuni Sultan Süleyman zamanında Vyana qapıları ağzında olduğundan avropalılar türkləri çox yaxşı tanıyırlar. Elə ona görə də Qərb dünyası bu gün Türkiyənin inkişaf edərək güclənməsini, öz ayaqları üzərində dayanmasını istəmir. Buna nə fürsət verirlər, nə də imkan tanıyırlar.

Türkiyə üzərində oynanılan oyun və proses yenidən dövriyyədədir. Çünki Türkiyə nəzarət edilən, xarici borc və xarici yardım alan bir ölkə olmaqdan çıxıb artıq. Siyasətini müstəqil təyin edən, öz ayaqları üzərində dayanan və iqtisadiyyat başda olmaqla həyatın bir çox sahəsində inkişaf edən bir ölkə mövqeyinə gəlib. Qərb məhz bunu həzm edə bilmir, qarın ağrılarının səbəbi də budur. Dörd bir tərəfdən olan təzyiqlər, ölkədə artan terror hadisələrinin arxasında bu çirkin niyyət dayanır.

Məqsəd ölkə rəhbərliyini idarə olunan və söz dinləyən hala salmaq, qərb ilə uyumlu, onlara itaət edən siyasətçiləri iş başına gətirməkdir. 15 İyul gecəsi FETO terror təşkilatının vasitəsilə tanklar, bombalar və qırıcılarla işi həll edə bilmədilər. İndi isə bu çirkin niyyətin iqtisadi tərəflərini işə salırlar. İqtisadi tarazlığı pozaraq, yerli məzənnə üzərində təzyiq quraraq, hədəflərinə çatmaq və nəticə almaq istəyirlər. 

Pul lobbisi və iqtisadi nəhəng güclər ölkəni diz çökdürərək, əl öptürməyə çalışır. Alov halqası olan Yaxın Şərqdəki xəritə dəyişikliyinin sakitcə izlənilməsini, Türkiyənin sərhəd qonşusu Suriyada olanlara, insan ölümlərinə göz yummasını istəyirlər. Dünyadaki haqsızlıqlar və edilən zülmlərə qarşı lal olunmasını gözləyirlər.

Artıq təhlükə siqnallarının çalmağa başladığı, xarici valyutadakı yüksəliş tempinin bir an öncə aşağılara doğru enməsi lazımdır. Əks halda indiyədək əldə edilən bütün nailiyyətlər milli məzənnənin dəyərdən düşməsi ilə yerlə bir olar. Çünki iqtisadiyyatdakı fay xətti çatlamağa başlayıb. Dövlət bunun qarşısını almaq üçün geniş iqtisadi tədbirlər həyata keçirməyə çalışır. 

Türk Lirəsi dövlətin gücünün simvolu olduğu qədər, eyni zamanda bizim etibarımızdır. Çətin zamanlarda həmişə dövlətinin tərəfində duran xalqımız, bu günlərdə xarici valyutaya qarşı cəbhə almaqdadır. Çünki iqtisadi problemlərin hamımızı maraqlandırdığını bilirik.

Türk lirəsindən imtinanın maaşlara olduqca pis təsir edəcəyini, xaricdən borclanmanı artıracağını və bizə yüksək inflyasiya olaraq qayıdacağını bu millət 2000-2001-ci illərdə yaşayaraq gördü.

Prezident Ərdoğana müxaliflik edənlərə gəlincə. Şüarlarında “əsas odur o getsin, necə gedərsə getsin, hökumət dağılsın, necə dağılarsa dağılsın” deyənlər əmin olsun ki, bu böhranları fürsət bilmək, yalnız fərdi mənfəəti, siyasi partiyası və nəfsini güdmək vətənə və millətə edilən ən böyük xəyanətdir.

Xəbər lenti
0