BAKI, 11 dek-Sputnik. Britaniya alimləri müəyyən ediblər ki, yaradıcılıqla məşğul olmaq insanlara ölüm qorxusundan uzaq durmağa kömək edir.
Psixoloqların sözlərinə görə, onlar Kent Universitetinin yaradıcılığın müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış tələbələrinin iştirakı ilə eksperiment keçiriblər. Eksperimentə 100-ə qədər könüllü tələbə cəlb olunub.
Tədqiqatın iştirakçılarına xüsusi tərtib olunmuş anketləri doldurmaq təklif edilib. Eyni zamanda onlar yaradıcılıq qabiliyyətlərinin səviyyəsini müəyyən etmək üçün testdən keçiriliblər. Psixoloqlar bütün könüllülərlə söhbət edərək onların ölümə münasibətini öyrəniblər.
Məlum olub ki, sorğu-suala tutulan bu adamların böyük əksəriyyəti hətta heç qaçılmaz olan ölüm haqqında düşünməyiblər. Eksperimentin nəticələrinə görə, kim ki, hərdənbir ölüm barədə fikirləşir, yaradıcılığa çox az vaxt sərf edir, kim ki, yaradıcılığa daha çox vaxt ayırır, o, ölüm haqqında düşünməyi ağlına belə gətirmir.
Mütəxəssislər qeyd ediblər ki, öz ölümündən qorxmaq təbii hissdir. Amma bir çox insanlar öz ölümlərindən dəhşətli dərəcədə qorxurlar. Həyatın keyfiyyətini yaxşılaşdırmaq baxımından bu qorxunu aradan qaldırmaq vacibdir. Tədqiqatçılar eksperiment nəticəsində o qənaətə gəliblər ki, yaradıcılıq ölümdən qorxan insanları xilas etməyin ən yaxşı üsuludur.
Alimlər onu da qeyd ediblər ki, bir çox insanlar başqalarının ölümündən də çox qorxurlar. Söhbət təkcə itirmək qorxusundan getmir, həm də ölüdən qorxmaqdan gedir. Britaniyanın elm adamları əmindirlər ki, yaradıcılıq ölümlə bağlı olan bütün qorxuları aradan qaldırmağın ən yaxşı dərmanıdır. “Əgər ölü ilə bağlı qorxularınızı yaradıcılığa çevirsəniz, onda ölülər sizin üçün sadəcə yaradıcılığınıza impuls verən amildən başqa bir şey olmayacaq” – deyə psixoloqlar bildiriblər.