İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 10 dek — Sputnik. Azərbaycan öz yerüstü və yeraltı sərvətləri ilə zəngin bir ölkədir. Buradan çıxan neft, qaz, qızıl və digər məhsullar bir çox dünya ölklərinə enerji və gözəllik bəxş edir.
Ölkəmiz, həmçinin minbir dərdin dərmanı olan müalicəvi mineral suları ilə də məhşurdur. Bu sərvətlərdən elələri var ki, çox böyük faydalarına rəğmən, daha az tanıdılıb. Onlardan biri də Qazax rayonunun Aşağı Salahlı kəndi ərazisindən çıxan müalicəvi isti sudur.
İsti su 1968-1970- ci illərdə rayon ərazisində neft axtarışı aparılan zaman üzə çıxıb. Qazılan kəşfiyyat quyusundan neft əvəzinə isti su fontan vurub.
Suyun müalicəvi tərkibini, ilk olaraq yerli əhali aşkarlayıb. Sonradan kənd sakinləri tərəfindən suyun nümunəsi Bakıya aparılaraq ekspertizaya verilib. Elmi tədqiqat instutlarında yoxlama aparıldıqdan sonra, onun bir çox faydaları təsdiqlənib.
Bu su oynaq, dəri, qaraciyər, öd yollarının, sinir ağrıları və mədə-bağırsaq xəstəliklərinin sağalması və qarşısının alımasında müalicəvi xüsusiyyətə malikdir. Həmçinin, məhz bu kənddəki "İsti su" bulağının suyu, elmi tədqiqat instutları tərəfindən Azərbaycanda içilməsinə icazə verilən yeganə kükürdlü sudur.
Fəsillərdən asılı olmayaraq, suyun tempraturu daim 40 dərəcə olur. Əvvəllər kənd caamatı suyu qablarla evlərinə apararaq istifadə ediblər. Sonradan kənd ağsaqqallarından olan Cəmaləddin Hacıyev dünyadan vaxtsız köçmüş övladı Şahin Hacıyevin xatirəsini əbədiləşdirmək üçün, suyun mənbəyində birotaqlı hamam binasını tikdirib.
Zamanla müalicəvi sudan yararlanmaq istəyənlərin çoxluğu, burada daha böyük müalicə ocağının tikilməsinə zərurət yaradır. Hazırda ərazidə 8 kabinəli hamam binası fəaliyyət göstərir.
Aşağı Salahlı kənd icra nümayəndəsi Zahid Mirzəyev Sputnik-in bölgə müxbiri ilə söhbətində, "İsti su" vannalarına tələbatın daha çox yay aylarında olduğunu bildirdi: "Buraya müalicə almaq üçün isə, əsasən Tovuz, Şəmkir, Gəncədən, həmçinin qonşu Gürcüstan Respublikasından olur".
Qiymətlərə gəlincə, yerli sakinlər üçün burada müalicə almaq, tamamilə pulsuzdur. Digər yerlərdən şəfa dalınca gələnlər isə, "İsti su" vannası götürmək üçün 2-3 manat civarında vəsait ödəyirlər. Bu vəsait də öz növbəsində binanın kommunal xərcləri və orada fəaliyyət göstərən təmizlikçinin məvacibinin ödənməsinə sərf edilir.