BAKI,10 dek-Sputnik. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri üçün “Fitnə” sənədli filminin təqdimatı keçirildi. Milli Olimpiya Komitəsindən Sputnik-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış bu filmin əsas məqsədi radikalizmlə mübarizə, dini, psixoloji, hüquqi, siyasi və mənəvi təbliğatın aparılmasıdır.
Filmdə dini radikalizmin qurbanı olmuş insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğu dolğun şəkildə açıqlanıb.
Aktuallığı nəzərə alınaraq, “Fitnə” filminə müxtəlif qurumlarda, xüsusilə ali təhsil ocaqlarında kütləvi baxışlar keçirilib.
Qeyd edək ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbər və məsul şəxsləri, eləcə də akademiyanın pedaqoji kollektivi və tələbələr iştirak ediblər.