CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onlar artıq vədlərdən yorulublar...

CC0 / patricajjoslin / girlTənha qız, arxiv şəkli
Tənha qız, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Çıxış yolu tapmayanda, ən yaxşı halda yaşadığı məkandan uzaqlaşır, pis halda isə intihar edirlər

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 9 dek — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər il, təxminən 1 milyon insan intihar edir. Qəribədir ki, dünyada intiharların sayına görə ilk yerləri keçmiş Sovet ölkələri — Rusiya, Litva, Estoniya və Macarıstan tutur.

Son zamanlar Azərbaycanda da intensiv olaraq intihar hadisələri baş verir. Mediada açıqlanan statistikaya görə, bu ilin 9 ayı ərzində Azərbaycanda 500-dən artıq adam intihar edib. Ölkəmizdə ən çox intiharlar paytaxt Bakıda baş versə də, bu hal bölgələrdə yaşayan insanlardan da yan keçməyib.

Kürdəxanı kənd sakini Teymur Həsənlinin intihar səbəbləri hələ də bilinmir - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakı kəndində zəncirvari intihar dalğası və açılmamış sirlər...

Şimal-qərb bölgəsində, xüsusi ilə Şəkidə və Balakəndə intihar hadisəsi tez-tez baş verir. Bu ay Şəkidə iki intihar hadisəsi qeydə alınıb. Şəki və Balakən rayonlarının hüquq-mühafizə orqanlarından Sputnik-ə bildiriblər ki, bu il ərzində adı çəkilən rayonlarda baş verən intihar hadisələri maddi imkansızlıq, borc, bank krediti, sağalmaz xəstəlik, imtahan qorxusu və gənc qızların uğursuz sevgisi ilə əlaqədar olub.

Təəssüf ki, intihar etmiş şəxslərin böyük əksəriyyətini gənclər təşkil edir. Bəs hansı səbəblərdən intihar hadisələri baş verir?

Psixoloq Vəfa Əkbər Sputnik-ə açıqlamasında, insanları özünəqəsdə sövq edən səbəblərdən danışıb: "Bu gün intihar hadisələrinin baş verməsinin başlıca səbəbi iqtisadi problemlərdir. Çünki iqtisadi vəziyyət insanın tələbatlarını ödəməsi üçün vasitədir. Əgər biz bu tələbatları ödəyə bilmiriksə, məyusluq yaranır. Və bu, daxili nevroza çevrilir. Daxili nevroz isə aqressiya ilə müşayiət olunur. Həmin insanlar belə ağır vəziyyətdə yaşamaqdansa yaşamamağı daha üstün tuturlar".

© Photo : Facebook / Vəfa ƏkbərPsixoloq Vəfa Əkbər
Psixoloq Vəfa Əkbər - Sputnik Azərbaycan
Psixoloq Vəfa Əkbər

"Bu hal gənclərdə daha çoxdur. Çünki rəqabət var və sosial gərginlik artmaqdadır. Nə qədər çox maddi gərginlik artır, bir o qədər də qətllərin və intiharların sayı artır. Səbəb isə həm sosial, həm də psixoloji amillərlə bağlıdır. Əslində, sosial mühitin də psixologiyamıza çox böyük təsiri var. Bu gənclər heç bir yol tapa bilmirlər, ümidləri qırılır, xəyal etməkdən vaz keçirlər. Sonra da özünü bu həyatdan təcrid etməklə kifayətlənirlər", — mütəxəssis bildirib.

Onun sözlərinə görə, monitorinqlər, treyninqlər, maarifləndirici seminarlar, gənclərin toplantıları və s. bu kimi təşəbbüslər artıq gəncləri yorub: "Çünki gənclər gələcəyi birmənalı olaraq görmək istəyirlər. Əgər mən xəyali arzulara aldanıramsa ki, "sən işlə, gəl mənə ödəniş et, hər şey yaxşı olacaq, bir müddətdən sonra sən onun qarşılığını alacaqsan" — bu, artıq effekt vermir. Psixoloji yardım alan şəxs reallığı başa düşür ki, əgər sən özün qidalana bilmirsənsə, məni necə qidalandıracaqsan? Bundan başqa, əgər o adam hər şeyin üstündən xətt çəkərək kiminsə yanında işləməyə başlayırsa və sonra da onun qarşılığını ala bilmirsə, sonda yenə fiksasiya yaranır".

V. Əkbərin fikrincə, sosial problemlərdən qaynaqlanın intiharların qarşısının alınmasının bir yolu iş yerlərinin açılması, gənclərə müəyyən şəraitin yaradılmasıdır: "Bu gün istənilən gənc iş axtardıqda, onlardan iş təcrübəsi istəyirlər. İş təcrübəsi olmayanı işə götürmürlər. Beləliklə, təcrübəsiz gənclərin artması işsizliyin artmasına dəlalət edir ki, sonda da o gənc çıxış yolu tapmayanda, ən yaxşı halda yaşadığı məkanı tərk edib çıxıb gedir. Ən pis halda isə intihar edir. İntiharların sayı da gördüyümüz kimi artmaqdadır".

Psixoloq yaşlı nəslin intihar etməsinin səbəblərini isə belə izah edib: "Əgər biz tələbatlar piramidasına baxsaq, orda ilkin tələbatlar yuxu, qida və cinsəl tələbatlardır. Bunun üçün isə vasitə lazımdır. Vasitə də maddi durumun, iqtisadi durumun yaxşı olmasıdır. Yəni əgər mənim yaxşı pulum olsa, yaxşı geyəcəm, rahat olacam, hüzur içində yatacam və digər artıq pillələr onun üzərində sağlam şəkildə qurulacaq. Əgər mən bunu qura bilmirəmsə, məndə gərginlik artacaq. Əgər mən gəncəmsə, məndə gərginlik artırsa, özümə xeyrim yoxdursa, avtomatik olaraq məndən böyüyə və məndən asılı olana da xeyrim olmayacaq. Bunu isə yaşlı nəsil götürə bilmir".

"Burda yaşlılıq sindromu da var. İnciklik, kövrəklik… İndiki gənclər özlərinə yardım edə bilmirlər, qaldı ki, ondan asılı olan yaşlı nəslə. Bir insanın özünə xeyri olmadıqdan sonra heç kimə də xeyri olmur. Xeyri olmadıqda isə yaşlı nəsil biçarə qalır, biçarə qaldığı vəziyyətdə isə intihardan başqa çıxış yolu tapa bilmir", — ekspert əlavə edib.

Onu da qeyd edək ki, mütəxəssislərin qənaətinə görə, intihar halları iradəsizlik və depressiyaya düşmək, işsizlik, qısqanclıq, sevgi, boşanmalar kimi səbəblər ucbatından baş verir. Son vaxtlar isə maddi imkansızlıq və borca görə intihar halları daha da "populyarlaşıb".

Xəbər lenti
0