BAKI, 8 dek — Sputnik. "Əvvəllər ünvanlı sosial yardımı alanlarla bağlı siyahı ortaya çıxmırdı, lakin bu məsələlərin elektronlaşması istənilən şəxsə bu siyahını əldə etmək imkanı yaradıb. Büdcə müzakirələri zamanı sosial sahə ilə bağlı kifayət qədər fikirlərimizi səsləndirmişik və bütün sahələrdən fərqli olaraq sosial sahədə artımlar göz qabağındadır".
Sputnik-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında, "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
"Əlillərin mənzil şəraitinin yaxşılaşdırılması və yeni mənzillərin tikilməsinin hər birimiz şahidiyik. Bu baxımdan qanun layihəsini dəstəkləyir və həmkarlarımı bu layihəyə səs verməyə çağırıram", — deputat bildirib.
S. Novruzov millət vəkili Qüdrət Həsənquliyevin tənqid və təkliflə bağlı fikirlərinə də münasibət bildirib: "Tənqidin və təklifin fəlsəfəsinə baxsaq, görərik ki, müxalifət tənqid, iqtidar isə müdafiə etməlidir. Çünki, iqtidar hökumətin nümayəndəsidir, ona dəstəkdir. Amma tənqidin də forması olmalıdır. Tutaq ki, hökuməti tənqid edirsiniz, lakin burada əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovu müdafə edirsiniz. Nəzər alaq ki, Səlim Müslümov da hökumətin üzvüdür".
"Bu baxımdan tənqid etdikdə, konkret sahəni tənqid etmək lazımdır. Ümumi qaydada fikir söyləməyə ehtiyac yoxdur. Ümumi fikir deyiləndə mətbuatda qeyd olunur ki, hökumət tənqid edildi. Belə olan halda, hər kəs düşünür ki, bu tənqidin ona aidiyyəti yoxdur və yaxud bəzi həmkarlarımız hökumət üzvlərinə bildirirlər ki, "mən səni nəzərdə tutmurdum"", — Novruzov bildirib.
"Ona görə də söz konkret ünvana deyilməli və həmin şəxs tənqid edilməlidir ki, işindən nəticə çıxarsın. Bu gün hər kəs müxtəlif sahələrlə bağlı fikirlərini konkret səsləndirməlidir. Çünki, hökumətin həm yaxşı, həm də pis işləyən üzvü var. Pis işləyən üzvün adını çəkin və münasibətlərinizi də o cür qurun", — deputat əlavə edib.