BAKI, 8 dek — Sputnik. "Ali məktəbi bu il bitirmişəm. İş axtarıram. Bir neçə şirkətə müraciət etdim. Hamısında da eyni problem üzündən işim alınmadı".
Paytaxt sakini Gülmirə Babayeva Sputnik-ə müraciətində belə deyir. "Bütün şirkətlərdə məndən iş stajı tələb edirlər. 21 yaşım var və universiteti yenicə bitirmişəm. Mənim nə stajım ola bilər ki?!", — vətəndaş narazılığını ifadə edir.
Bəllidir ki, ölkə qanunvericiliyi vətəndaşın təhsil aldığı dövrdə çalışmağa imkan vermir. Deməli, bir insan əmək fəaliyyətinə, yalnız ali məktəbi bitirdikdən sonra başlaya bilər. Və ali məktəbi yenicə bitirmiş vətəndaşı işə götürmək üçün, ondan iş stajı tələb etmək anlaşılan deyil. Problem, təkcə özəl şirkətlərlə bağlı deyil, həm də dövlət qulluğuna qəbul da eyni tələb qoyulur.
Mövzunu Sputnik-ə şərh edən hüquqşünas Fuad Ağayevin sözlərinə görə, bu, həm qanunvericilik, həm də qanunvericiliyin tətbiqi ilə bağlı problemdir: "Məsələn, "Vəkillik fəaliyyəti haqqında" qanuna görə, vəkilliyə namizədlərdən belə, staj tələb edilir. Amma, hazırda bu stajı əldə etmək problemlidir".
"Bu səbəbdən mən fikirləşirəm ki, bir sıra sahələrdə bu tələb aradan qaldırılmalıdır. O yerdə ki, qanunla iş stajı tələb edilir, həmin yerdə müvafiq qanunvericilik aktlarına dəyişiklik edilməlidir. Bu zaman məsələ sadə yolla həllini tapa bilər", — ekspert bildirib.
F. Ağayevin fikrincə, sözügedən problemin səbəbini normativ hüquqi aktları hazırlayan qurumlarda axtarmaq lazımdır: "Milli Məclisdə bu məsələ gündəmə gəlməli və qanunda dəyişiklik edilməlidir. Nəzərə alsaq ki, hal-hazırda işsizlik problemi geniş yayılıb, bunun perspektivləri də ciddi görünmür. Qanunvericilikdə bu məsələ öz əksini tapmalıdır ki, digər sahələrdə də irəliləyiş olsun".
Hüquqşünas Ələsgər Məmmədli isə, Sputnik əməkdaşı ilə söhbətində məsələni belə dəyərləndirib: "Bir tərəfdən işə götürən haqlıdır. Yəni o, peşəkar işçi istəyir ki, işində problem yaranmasın. Digər tərəfdən də gənclər haqlıdırlar ki, təcrübə, staj qazanmaq üçün işə başlamalıdır".
"Bu zaman əsas öhdəlik dövlətin üzərinə düşür. Dövlət idarələrində xüsusi təcrübə yerləri olmalıdır ki, gənclər orada işləyərək ilkin təcrübə yığsınlar. Hökumətin xüsusi proqramları olmasa, bu məsələni həll edə bilməzlər. Çünki, dövlətin bir vəzifəsi də işsizliyi azaltmaqdır", — mütəxəssis əlavə edib.
Millət vəkili Fazil Mustafa da Sputnik-ə açıqlamasında, staj tələbi ilə razılaşmadığını deyib: "Universiteti yeni bitirən gənclərdən iş stajı tələb edilməməlidir. Bu, yanlışdır".
"Tezliklə bu məsələni Milli Məclisdə gündəmə gətirəcəyəm və bu məsələyə baxılacaq", — deputat əlavə edib.