Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 8 dek — Sputnik. Təsviri incəsənətin 3 əsas növü qədim daş dövründə meydana çıxıb. İspaniyada məşhur Altamira mağarasındakı öküz və maral təsvirləri qədim rəngkarlığın ilkin nümunələri arasındadır. Ural dağlarında, Kap mağarasında tapılan heyvan təsvirlər isə paleolit dövrünün həm rəngkarlığını, həm də qrafikasını nümayiş etdirir.
Mərkəzi Avropada tapılan paleolit dövrünün heykəlcikləri, ilk növbədə qadın surətləri ilə diqqəti cəlb edirdi. Bu heykəlcikləri bəzən "Paleolit veneraları" da adlandırırlar.
Təsviri incəsənətin digər növü olan heykəltəraşlıq üç — monumental, dəzgah və kiçik forma heykəltəraşlığına bölünür. Monumental heykəltəraşlıq — əksər hallarda açıq havada nümayiş olunur. Dəzgah heykəltəraşlıq — adından da bəlli olduğu kimi, emalatxanada, dəzgahda hazırlanır.
Təsviri incəsənətin digər növləri isə rəngkarlıq və qrafikadır. Qrafika — monoxrom (təkrəngli) və ya ploxrom (çoxrəngli) ola bilir. Qrafikada əsas olan — bədii-texniki istiqamət və ya qravüra işidir. Rəssam özü və ya onunla çalışan nəqqaş-rəssam ilkin təsviri, nüsxələrinin çoxalması üçün qravüraya çevirir. Yəni təsvirin əksini bərk materialın səthinə köçürür. Bəzi mütəxəssislər isə sürrealizm mövzusunda çəkilən rəsm əsərlərini də qrafika sənətinə aid edirlər.
Sürrealizm
Sürrealizm XX əsr mədəniyyətində avanqard cərəyandır. Bu cərəyan 1924-1940-cı illərdə Avropa avanqardının sonuncusudur və simvolizm, ekspressionizm və dadaizmın təsiri altında təşəkkül tapıb. Artıq 1920-ci ildən başlayaraq sürrealistlərlə əlaqə yaradan ispan rəssam Ruan Miro gözlənilməz formalar və rənglərdən istifadə edib. Sürrealizm cərəyanının tanınmış nümayəndələrindən olan Salvador Dalinin şəkillərində isə, əriyib axan saatlar, gövdəsində siyirtmələr daşıyan insanlar, boşluqda uçan əşyalar təsvir olunur.
Azərbaycanlı sürrealist rəssam
Sürrealizm cərəyanının davamçısı və Salvador Dalinin əsərlərinin vurğunu olan insanlar günümüzdə də var. Həm də Azərbaycanda…
O, Lənkəran Şəhər 4 saylı Humanitar Kollecdə rəssamlıq dərnəyində dərs deyir. İsmayılov İlqar Sənan oğlu 1960-cı ildə Lənkəranda anadan olub və rəssamlığa uşaq vaxtından meyllənib.
"Artıq 5 yaşım olanda cızma-qaralar etməyə başlamışdım. 12-13 yaşlarında isə rəssamlıq dərnəyinə getməyə başladım və ilk rəssamlıq biliklərinə yiyələndim. Mənim rəssamlıq üzrə ilk müəllimim Nadir müəllim olub. Zaman keçdikcə Nadir müəllim bəzi məktəb işlərini mənə həvalə etməyə başladı", — deyir rəssam.
O, rəssam olmaq həvəsi ilə, Azərbaycan Pedaqoji İnstitutunun Bədii qrafika fakültəsinə daxil olur: "Ali təhsil aldığım müddətdə Bakıda keçirilən gənc rəssamların bir sıra sərgilərində iştirak etdim. Oxuduğum müddətdə memarlıq, heykəltəraşlıq, qrafika və rəngkarlıq sənətinə də yiyələndim. Diplom işimi isə Lənkəran qadınlarına ithaf etdim".
"Dalinin əsərlərinin vurğunuyam"
İ. İsmayılov təhsilini başa vurduqdan sonra Lənkəran şəhər məktəblərinin birində rəsm və rəsmxətt müəllimi işləməyə başlayır: "Sonra isə həm rəssamlıq, həm də memarlıq üzrə tələbələr hazırlamağa başladım. 1996-cı ildə Göyçayda keçirilən arxitektura üzrə Respublika yarışmasında, 300 yarış iştirakçısı arasında 2 tələbəmdən biri 1-ci, digəri isə 2-ci yerə sahib oldu".
"Çəkdiyim rəsm əsərləri, təkcə kağız üzərində deyil, eləcə də kətan və boşqablar üzərində də çəkirəm. Boşqablar üzərində şəkilləri sifariş əsasında çəkirəm. Əsas işim isə qrafikadır. Qrafikanın vurğunuyam. Əsərlərimdə ən çox batal, əsatir və tarixi janrlara üstünlük verirəm. Salvador Dalinin əsərlərinin vurğunuyam ona görə də sürrealizm daha çox üstünlük verirəm. Mən rəsm əsərlərimi çəkə-çəkə ilham alıram. Rəsmi çəkməyə başlayanda ideya özü beynimdə canlanır və çəkdikcə mövzular artır", — rəssam danışır.
O, rəsm əsərlərinin neçə günə başa gəldiyini və onların qiymətlərini də bizimlə bölüşdü: "Ay ərzində 1-2 sifarişim olur. Qrafik rəsmlər həcmindən asılı olaraq 7-15 günə, yağlı boya ilə çəkdiyim əsərlərdə də həcminə görə 10-25 günə başa gəlir. Qrafik əsərlərin qiyməti, böyük və kiçikliyindən asılı olaraq 50-150, rəngkarlıq əsərlərinin qiymətləri isə 100-300 manatdır".
Qeyd edək ki, İlqar İsmayılov Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür və Lənkəran Şəhəri 4 saylı Humanitar Məktəb-liseydə direktor müavini işləyir. Habelə, hazırda 20-ə yaxın tələbəyə rəssamlıqdan dərs keçir.