BAKI, 7 dek — Sputnik. Alimlər bir daha, Marsda vaxtilə sivilizasiya olduğunu bəyan ediblər və sübut kimi NASA-nın əldə etdiyi şəkillərdən təşkil olunmuş Google Mars servisindəki təsvirləri göstəriblər. Sputnik xarici KİV-ə istinadən xəbər verir ki, şəkillərdə qeyri-adi daş strukturları var.
Alimlər iddia edirlər ki, bu tikililər yoxa çıxmış sivilizasiyadan qalıb. Tikililər yüzlərlə kilometr məsafədə uzanır. Ekspertlərin sözlərinə görə, bu şəhərdə yarım milyona qədər sakin yaşayıb.
İnternetdə yayılmış videodan, artıq boş qalmış Mars şəhərini görmək olar. Şəhər iri tikililərdən ibarətdir. Tikililərin uzunluğu 630, hündürlüyü isə 800 metrdir. Ekspertlər, hətta fotolarda bəzi binaların arasındakı tunelləri də görüblər.
Fotonu tədqiq edən araşdırmaçılar güman edirlər ki, şəhəri sel və yaxud daşqın məhv edə bilərdi. Onlar Mars sivilizasiyasının nüvə müharibəsi nəticəsində məhv olduğunu da istisna etmirlər.
Marsda həyatın məhv olmasına dair bir versiya da mövcuddur. Belə ki, plazmofizik Con Brandenburqun fikrincə, Marsa yadplanetli düşmən sivilizasiya hücum edib.