BAKI, 7 dek — Sputnik. "Jurnalistika ölkədə ictimai rəyin formalaşmasında mühüm rol oynayır. Ölkəmizin dünyada təbliği məsələləri də bu sahə ilə bağlıdır. Buna görə də hesab edirəm ki, biz jurnalistika ilə bağlı qənaət rejiminə keçməməliyik".
Sputnik xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında, 2017-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O bildirib ki, son 1 ildə istər qəzet kağızı, istərsə də çap xərcləri bağlı kifayət qədər bahalaşma gedib.
"Ümumilikdə, KİV-lərin satışı zəifdir, reklamlardan gələn gəlirlər də kifayət qədər aşağıdır. 2016-cı ildən ölkəyə gətirilən qəzet kağızlarına ƏDV-nin tətbiqinə də başlanılıb. Bütün bunlar vəziyyətə neqativ təsir göstərir", — deputat vurğulayıb.
Onun sözlərinə görə, hazırda internet-media ictimai fikrin formalaşmasında əsas vasitəyə çevrilib: "Azərbaycanda, təqribən 30-dək xəbər portalı hazırda normal qaydada fəaliyyət göstərir. Gələcəkdə bu rəqəmin artacağı istisna deyil. Buna görə də bu tip media vasitələrinin nəzərə alınması vacibdir".
"Ümumiləşdirmə apararaq təklif edirəm ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ayrılmış 4 milyon manat vəsait artırılsın. Məhz, internet-medianın maliyyələşdirilməsi üçün, ən az 1 milyon manat ayrılmalıdır. Reklamı və heç bir gəliri olmayan, amma həmişə peşəkarlıq və vətənpərvərlik umulan şəxslər necə, nə ilə yaşamalıdırlar?", — Amaşov əlavə edib.
Qeyd edək ki, gələn ilin dövlət büdcəsində KİVDF üçün 4 mln. 12 min 800 manat vəsait ayrılması nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 280 min 896 manat çoxdur. Bu barədə Azərbaycan Respublikasının 2017-ci il üçün büdcə zərfində bildirilir. 2016-cı ildə KİVDF-yə büdcədən 3731905,0 manat ayrılmışdı.