Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Təcili yardım həkimləri artıq küçələri səhv salmayacaqlar

© Sputnik / Murad OrujovКареты скорой помощи во дворе одной из региональных больниц, фото из архива
Кареты скорой помощи во дворе одной из региональных больниц, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Quraşdırılmaqda olan yeni naviqasiya sisteminin köməyi ilə, zəng gələn kimi, xəstənin olduğu yer avtomatik olaraq monitorda görünəcək.

BAKI, 7 dek-Sputnik. Gələn il təcili tibbi yardımın həkim briqadası xüsusi naviqasiya (bələdçi) xidməti sayəsində ünvanı dəqiq olmayan pasientləri axtararkən şəhərin küçələrində azmayacaqlar. 

Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının (BTTYS) baş həkimi Rauf Nağıyev Sputnik-ə bildirib ki, stansiyaya gün ərzində 2 minə yaxın zəng daxil olur. Lakin həkim briqadasına bəzi ünvanları tapmaq çətin olur. Çünki küçələrin adları vaxtaşırı dəyişir, yaxud evlərin və küçələri adları düzgün deyil. Bəzən də elə olur ki, söylənən ünvan ümumiyyətlə mövcud olmur. Bu tip problemlər daha çox Sulutəpə qəsəbəsində, Binəqədi və Xəzər rayonlarında yaranır. Eyni sözü yeni tikilmiş çoxmərtəbəli yaşayış binalarına da şamil etmək olar. Bu hal həkimlərə xüsusilə gecə vaxtı çətinlik yaradır. Çünki küçə və döngələr qaranlıq olur, yolu soruşmaq üçün nadir hallarda adamla rastlaşmaq mümkün olur və nəticədə həkimlər qiymətli vaxtlarını itirirlər. Qeyd etmək lazımdır ki, bu səbəbdən gecikmələr nəticəsində bəzən xəstəyə vaxtında tibbi yardım göstərmək, yaxud da onun həyatını xilas etmək mümkün olmur. Nəticədə həkimlər vaxtında yardım göstərmədiklərinə görə xəstənin yaxınlarının haqlı tənqid və təzyiqlərinə məruz qalırlar. 

Paytaxt “təcili yardım”ının baş həkiminin sözlərinə görə, Bakı təcili tibbi yardımında artıq neçə ildir ki, GPS-naviqasiya sistemi quraşdırılıb. O, nəqliyyat vasitələrinin hərəkət marşrutunu əks etdirir.

Lakin tezliklə bu sistem dəyişəcək. Stansiyaya zəng gələn kimi monitorda avtomatik olaraq zəngin gəldiyi telefonun yerləşdiyi ünvan görünəcək. 

Nağıyev həmçinin deyib ki, sadəcə bu sistemin maliyyələşməsi problemi qalır. BTTYS layihənin həyata keçirilməsi üçün dövlət xidmətinə müraciət edib. Bu, dövlət büdcəsindən maliyyələşən qurum olduğundan, idarə layihənin reallaşdırılması üçün vəsait gözləyir. Həmin vəsaitin isə gələn ilin büdcəsində nəzərdə tutulacağını güman edirlər. 

Qeyd edək ki, BTTYS-da 138 həkim briqadası fəaliyyət göstərir. Nağıyev bildirib ki, normativə görə, şəhər əhalisinin təcili tibbi yardım alması üçün bu qədər həkim briqadası kifayətdir.  Amma əlavə etmək lazımdır ki, vətəndaşlardan köhnə GPS-naviqasiya sisteminin işi ilə bağlı şikayətlər gəlir. Onlar tibb işçilərini çox gözləməli olduqlarından şikayətlənirlər. Onlara izah etmək çətin olur ki, tibb işçilərinə verilən planşetlərdəki naviqasiya sistemində küçələrin adları düzgün göstərilməyib.

Xəbər lenti
0