BAKI, 6 dek — Sputnik. Türkiyənin baş naziri Binəli Yıldırım rusiyalı həmkarı Dmitri Medvedevlə Moskvada görüşüb.
Sputnik xəbər verir ki, liderlər görüşdən sonra mətbuata birgə açıqlama veriblər.
Binəli Yıldırım görüşdən sonra bunları deyib:
"Bir illik pis münasibətlər dövrünün başa çatdığının hamımız şahidiyik. Bu müddətin bizə gətirdiyi mənfi təcrübəni qiymətləndirərək əlaqələrimizi strateji səviyyədə əvvəlkindən də yaxşı nöqtəyə gətirməyi düşünürük. Bu mümkündür, keçmişdə buna dair çoxlu nümunələr var."
Öz növbəsində Dmitri Medvedev, çətin dövrü geridə qoyduqlarını, gələcəyə baxdıqlarını deyib:
"Obyektiv və subyektiv səbəblərdən dolayı iki ölkə arasındakı ticarət əlaqələrində durğunluq yaşandı. Ancaq biz böyük və müştərək layihələrimizin həyata keçirilməsinin vacibliyini düşünürük. Bugünkü danışıqların hədəfi iqtisadiyyat, investisiya və mədəniyyət sahəsindəki əlaqələrə təkan qazandırmaqdır. Əlaqələrimizdə çətin bir dövrü geridə qoyduq. Bu görüşün son dərəcə müsbət və məhsuldar keçəcəyini düşünürəm."