BAKI, 5 dek — Sputnik. Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin azərbaycanlı jurnalist İradə Zeynalovanın NTV telekanalında efirə gedən "Итоги недели" ("Həftənin yekunları") verilişinin qonağı olub. Kreml rəhbəri müsahibə zamanı təkqütblü dünya sisteminin artıq çökdüyünü, balansın tədricən bərpa olunduğunu deyib.
"Təkqütblü dünya yaratmaq cəhdləri uğursuzluğa düçar oldu. Dünyada balans tədricən bərpa olunmaqdadır. Ölkəmizin beynəlxalq arenadakı bir çox tərəfdaşları beynəlxalq hüquq prinsiplərinə müraciət etməyə başlayıb. Bu yaxşı haldır", — Putin bildirib.
"Rusiya digər ölkələrin mövqelərinə hörmətlə yanaşır. Hətta öz maraqlarımızı müdafiə edən zaman da belədir. Ölkəmiz həmin prinsiplər əsasında tərəfdaşları ilə münasibət qurmaqda davam edəcək", — deyə o, əlavə edib.
Rusiya prezidentinin "təkqütblü dünya sistemi artıq çöküb" bəyanatını Sputnik-ə şərh edən, Türkiyənin TOBB İqtisadiyyat və Texnologiyalar Universitetinin dosenti, politoloq Toğrul İsmayıl deyib ki, Rusiyanın xarici siyasət konsepsiyasında çoxmərkəzli dünya sisteminin qurulması durur: "Vladimir Putin bu fikirlərini öz prinsiplərinə əsaslanaraq söyləməyə çalışır. Rusiyanın xarici siyasət konsepsiyasında da bu, var. Çoxqütblü və ya çoxsistemli dünya düzəni qurulmasını istəyir".
"Amma bu, bir az həssas məsələdir. Yəni təkqütblü sistem həqiqətənmi çöküb, yoxsa yox? Hər halda Amerikadakı seçimlərdən sonra ABŞ-ın davranış tərzi, sərgilədiyi mövqe sanki təkqütblü dünyanın bitdiyinə işarə edir. Çünki bir mərkəzdən idarə olunma olduqca riskli idi. Ona görə də, mərkəzlər nə qədər çox olsa, istiqrara qovuşmaq da o qədər asan olar", — Toğrul İsmayıl bildirib.
Rusiya prezidentinin çıxışını Sputnik-ə dəyərləndirən, azərbaycanlı millət vəkili Aydın Mirzəzadə isə hesab edir ki, əgər ikiqütblü sistem digər ölkələri bu iki qütb arasında seçim etmək məcburiyyətində qoyacaqsa, dünya bundan heç nə qazanmayacaq, əksinə itirəcək: "Dünya həmişə müxtəlif qütblərin rəqabəti, yarışması və əməkdaşlığına səhnə olub. Sovetlər İttifaqı dağılandan sonra, sözün əsl mənasında təkqütblü dünya yaranmışdı. Amerika dünyanın super gücü kimi ən çox öz baxışlarını önə çəkirdi. Dünyada gedən proseslərə təsirini göstərirdi".
"Son dövrlərdə Rusiyanın Suriya münaqişəsinə qarışması, bir sıra məsələlərdə özünü alternativ kimi ortaya qoyması, yenidən ikiqütblü dünyanın üzə çıxmasına səbəb olub. Bunun yaxşı və ya pis olmasını gələcək gedişat göstərəcək. Əlbəttə ki, müxtəlif baxışların yarışması, əməkdaşlığı çox arzuolunan bir şeydir. Amma bu, qarşıdurma səviyyəsinə çatacaqsa və digər ölkələri bu iki dövlət arasında seçim etmək məcburiyyətində qoyacaqsa, dünya ikiqütblülükdən heç nə qazanmayacaq", — millət vəkili bildirib.
Qeyd edək ki, Vladimir Putin müsahibəsi zamanı ərəb baharı ilə bağlı da olduqca diqqət çəkən məqamlara toxunub. "Yevgeni Primakovun (Rusiyanın sabiq baş naziri, 1998-2000) xəbərdarlıqları diqqətə alınsaydı, "Ərəb Baharı" adlanan hadisələrin nəticəsi fərqli ola bilərdi. Primakov Yaxın Şərqi yaxşı bilirdi. O, bu coğrafiyada yerləşən ölkələrin taleyinə yaxından bələd idi. Primakov, gələcəkdə yaşana biləcək "Ərəb Baharı"nın mənfi nəticələrini görməyi bacarırdı. Hadisələr başlayan zaman Rusiyanın imkanları məhdud idi. Təəssüf ki, həmin dövrdə Beynəlxalq arenada olan əsas oyunçular hüquq normalarına əməl etməmək yolunu seçdilər", — Putin deyib.
Xatırladaq ki, Yevgeni Primakov SSR-in son illərində dövlətin rəhbərlərindən biri olub, daha sonra Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru (1991-1996), xarici işlər naziri (1996-1998), baş nazir (1998-2000) postunda çalışıb.