BAKI, 5 dek — Sputnik. Nyu-York şəhərində, iki ayrı hadisədə biri tələbə, digəri polis işçisi olmaqla iki nəfər hicablı qadın hücuma məruz qalıb.
Sputnik Türkiyə NTV-nə istinadən xəbər verir ki, müsəlman qadınlara hücum şifahi təcavüz formasında olub.
Kolleclərin birindəki tədbirdən çıxan 18 yaşlı Yasmin Seueid metroda əyyaş 3 kişinin nalayiq sözlərinə məruz qalıb.
Hicabına görə təhqir edildiyini söyləyən Seueid sərnişinlərdən heç kəsin ona dəstək olmadığını və hadisəyə laqeyd yanaşdığını söyləyib.
Digər hadisə isə Nyu-Yorkun Bruklin səmtində baş verib.
Hicablı polis Aml Elsokary işdən qayıdarkən oğlu ilə avtomobil dayanacağında maşından düşərkən 30 yaşlarında ağdərili bir kişinin sözlərinə məruz qalıb.
Hadisə ilə bağlı Nyu-York polisinin irqçi cinayətlər şöbəsi istintaq başladıb.
Amerika-İslam Əlaqələri Şurası müsəlmanlara qarşı gedərək artan hücumları pisləyib.