BAKI, 2 noy-Sputnik. "Ölkəmizin hərtərəfli inkişafı davam edir. Son illərlə müqayisədə 2016-cı il ölkə iqtisadiyyatı üçün obyektiv səbəblər üzündən ən ağır il olub. Buna baxmayaraq, biz çox ciddi tədbirlər görərək dünya böhranının mənfi fəsadlarını azaltmağa çalışmışıq və buna nail ola bilmişik."
Sputnik-in məlumatına görə, bunu Prezident İlham Əliyev Zərdab Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlıqdan sonra tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Biz ili yaxşı göstəricilərlə başa vururuq. Qeyri-neft sənayesinin, kənd təsərrüfatının artımı, əlbəttə ki, görülmüş işlərin nəticəsidir. Biz valyuta ehtiyatlarımızı qoruya bilmişik. Bu da çox vacib məsələdir. Çünki neftlə zəngin olan ölkələrin əksəriyyətində valyuta ehtiyatları tükənir, ya da azalır. Biz isə qoruyuruq, çünki bu, dövlətimiz, xalqımız üçün lazımdır. Bu, bizə əminlik və imkan verir ki, gələcəyə nikbinliklə baxaq".
"Azərbaycanda iş yerlərinin yaradılması daimi prosesdir. Çünki bəzi başqa ölkələrdən fərqli olaraq bizdə əhali artır. Bu da iqtisadi inkişafın təzahürüdür. Hər il Azərbaycanda əhalinin sayı 100 mindən çox artır. Buna görə də iş yerlərinin yaradılması daimi proses olmalıdır. Bax, bu xəstəxanada 500-dən çox iş yeri yaradılıb. Biz bundan sonra da çalışacağıq ki, işsizliyi ən aşağı səviyyədə saxlayaq", deyə dövlət başçısı bəyan edib.