BAKI, 1 dek-Sputnik. Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il üçün xərcləri 3,4 milyard manat həcmində proqnozlaşdırılır. Bu da cari ilin gözlənilən icra göstəricisindən 248 milyon manat və ya 8 faizə yaxın çoxdur.
Sputnik xəbər verir ki, bunu, parlamentdə Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri və Mədəniyyət komitələrinin birgə iclasında, "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Nazir bildirib ki, Fondun 2016-cı ilin gözlənilən icra göstəricisinə nisbətən 2017-ci ilin büdcəsi xərclərində proqnozlaşdırılan 248 milyon manat artım aşağıdakı xərc istiqamətləri üzrə nəzərdə tutulur. Əmək pensiyaları üzrə xərclərə 229 milyon manat, məcburi dövlət sosial-sığorta haqları hesabına verilən müavinətlərə 5,6 milyon manat, digər xərclərə isə 13,4 milyon manat artım nəzərdə tutulur.
O, qeyd edib ki, əhaliyə ödənişlərin 2017-ci il üçün nəzərdə tutulan proqnozu cari ilin gözlənilən icra göstəricisindən 234 milyon manat və ya 7,6 faiz çoxdur. Əhaliyə ödənişlərin proqnoz məbləği əmək pensiyaları və sosial-sığorta haqları hesabına verilən müavinətlər üzrə xərclərdən ibarətdir.
Nazir deyib ki, proqnozların tərtibi zamanı gələn il əmək pensiyalarının sığorta hissəsinin 2016-cı ilin yekunlarına görə indeksləşdirilməsi nəzərə alınıb. Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə 127 mln. manatın sərf olunacağı nəzərdə tutulur.
2017-ci ildə Fondun digər xərclərinin 81,8 milyon manat nəzərdə tutulduğunu deyən nazir bunun cari ilə nisbətən 13,4 mln. manat və ya 19,6% yuxarı olduğunu bildirib. Qeyd edilib ki, bu sahədə xərc artımı əsasən Fondun aparatının saxlanılması istiqamətində proqnozlaşdırılıb. Belə ki, Fondun aparatının və onun yerli orqanlarının saxlanılması xərclərinin proqnozu 2017-ci il üçün 40 mln. manat və ya hazırkı ilə nisbətən 13 mln. manat çox nəzərdə tutulub. Bu artım Dövlət Sosial Təminat Xidmətinin Dövlət Sosial Müdafiə Fonduna birləşdirilməsi nəticəsində aparılmış struktur dəyişikliyi ilə əlaqədar Fondun fəaliyyət sferasının genişlənməsi və işçi heyətinin sayının əhəmiyyətli dərəcədə artması ilə əlaqədardır.
Səlim Müslümov bildirib ki, Fondun 2017-ci il üçün gəlirləri 3,4 milyard manat proqnozlaşdırılır. Bu da 2016-cı ilin icra göstəricisinə nisbətən 270 milyon manat və ya 8,6 faiz yuxarıdır.