CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onlar hər şeylərindən keçməyə hazırdırlar, itlərindən başqa...

© Sputnik / Shahperi AbbasovaÇobanlar günəş, yağış, qar, isti-soyuq bilmədən ömürlərinin böyük hissəsini çöllərdə, dağlarda keçirirlər
Çobanlar günəş, yağış, qar, isti-soyuq bilmədən ömürlərinin böyük hissəsini çöllərdə, dağlarda keçirirlər - Sputnik Azərbaycan
Abunə olmaq
"Bizə "çoban" deyib keçməyin. Ağıllı insanları idarə etməyə nə var ki. Çətini qoyunları idarə etməkdir"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 1 dek — Sputnik. Ta qədim zamanlardan babalarımız qışı aranda, yayı yaylaqda keçirərdilər. İndi də bu ənənə az da olsa, davam etdirilir. Elə ki, yaz gəldi, respublikamızın dağ bölgələrinin yolları qoyun sürüləri ilə dolur, sonra da tezliklə çəkilib uzaqlaşır. 

Əlbəttə, çobanlığın da öz ənənələri, qayda-qanunları var. Zaqatala sakini, uzun illərdir çobanlıq edən İmamsəddin Mikayılov Sputnik-in əməkdaşı ilə həmsöhbət olub. Müsahibimizin 75 yaşı var, 16 yaşından çobanlıq edir.

"1968-ci ildə Zaqatala kənd təsərrüfatı texnikumuna daxil olub, 1971-ci ildə oranı bitirmişəm. Sonra kolxozda baytar, 12 il də briqadir işləmişəm. İndi də çobanlıq edirəm" — deyir.

© Sputnik / Shahperi Abbasovaİmamsəddin Mikayılov
İmamsəddin Mikayılov - Sputnik Azərbaycan
İmamsəddin Mikayılov

İmamsəddin dayı hər kəsin çobanlıq edə bilmədiyini deyir: "Bu iş çox çətin və eyni zamanda maraqlıdır. Çox maraqlı həyat tərzimiz var. Yaylağa çıxırıq, 3 ay yaylaqda oluruq. Sonra düşüb gəmrəyə (şimal-qərb bölgəsində heyvanların saxlandığı xüsusi yerə deyilir — Ş.A) gedirik. May ayının axırına kimi də gəmrədə oluruq. Hər briqadada, təxminən 7-8 adam olur. Məsələn, ana qoyunu otarmağa gedən ayrı olur, quzuları otarmağa gedən ayrı çoban olur, subay sürüyə gedən ayrı olur. Bir də bir nəfər də binəçi olur ki, onların da köməkçiləri olur. Çünki, tək bu sürünün öhdəsindən gəlmək olmur".

"Çobanların əməyinə qiymət verilmir. 1 kilo yunu indi 80 qəpiyə götürürlər. Vaxtilə dəri 10 manat idi. Amma indi heç 20 qəpiyə də götürmürlər", — deyir həmsöhbətimiz.

O, bu peşənin çətinliklərini belə izah edir: "Yayda, qışda, yağışda, boranda biz işləməyə məcbur oluruq. Hələ elə vaxtlar da olub ki, 2-3 ay öz evimizə gedə bilməmişik. Gedəndə də bir həftə qalmaq imkanımız olurdu. Birimiz qayıdanda o birimiz növbə ilə istirahət edə bilirik. Əmək haqqı olaraq da, hər sahibkar qoyunun sayına görə əmək haqqı verir".

© Sputnik / Shahperi AbbasovaQoyun sürüsü
Qoyun sürüsü - Sputnik Azərbaycan
Qoyun sürüsü

Çobanın sözlərinə görə, qışda heyvanların yemlənməsi baxımından bir az çətinlikləri olur: "Ot bol olmayanda, taxıl əkilməyəndə qoyunların da yemlənməsi çətin olur. Xüsusən də bu il quraqlıq olub. Heyvanlara yetərincə yem toplamaq imkanı olmayıb".

İmamsəddin dayı çobanların iş rejimini belə ifadə edir: "Biz oktyabrın axırında dağdan arana enmişik. Dekabrın axırlarına kimi qoyunlar gəmrəyə yığılır. May ayının axırında qoyunlar qırxılıb, çimizdirilib dağa aparılır. Körpə quzular bir az tez enir. Elə sahibkar olur ki, quzuları satır, eləsi də olur ki, saxlayır. Qoyunlar dağdan enəndə isə birləşirlər".

"Yay fəslində dağda bizim iki çoban dəyəmiz var. İçinə girib istirahət edirik. Dağda saat 12:00-da sağım başlayır. Süd azalarsa, sağımı bir az gecləşdiririk. Fevralın 1-i bizdə döl dövrü başlayır. Bu müddətdə gecə qarovul təyin edirik. Balalama dövrü ərzində iki nəfər növbə ilə qarovul durur. Səhər saat 06:00-da artıq qoyunları quzulardan ayırıb, örüşə aparırıq", — müsahibimiz bildirir.

© Sputnik / Shahperi AbbasovaÇoban itləri
Çoban itləri - Sputnik Azərbaycan
Çoban itləri

İ. Mikayılov dövlətin qoyunçuluq təsərrüfatlarının qeydinə qalmamasından şikayətçidir: "Dövlət çobançılığa, təsərrüfata yardım etməlidir. Hamıya məlumdur ki, ölkədə qoyun ətinə, yununa, pendirinə və s. böyük tələbat var. Bu sahəyə qayğı göstərmək əvəzinə, mövcud imkanları da əlimizdən alırlar. Bu il qışlaqları əlimizdən alıblar. Nə sahibkar qazana bilir, nə də çoban. Sahibkarın gəliri artsın ki, çobanın da maaşı çoxalsın".

Daha sonra o danışır: "Hər zaman olduğu kimi, bu gün də istər köçəri, istərsə də oturaq həyat yaşayan kəndlilərin təsərrüfatlarını qoruyan çoban itləridir. Çünki onların hissetmə və görmə qabiliyyəti çox güclüdür. İtlər olmasa, belə böyük qoyunçuluq təsərrüfatını heç kim saxlaya bilməz. Sadiqliyi ilə məşhur olan çoban itlərinə sahibləri də biganə qalmaz. İnanın malımı, pulumu verərəm, amma bu itləri heç kəsə vermərəm. Dəfələrlə gəlib məndən baha qiymətə bu itləri istəyiblər. Amma mən onları heç vaxt satmaram. Çünki onlar mənim sağ qolum, ən etibarlı köməkçilərimdir".

Qoyunlara gəlincə, İmamsəddin dayının onlarla bağlı da maraqlı müşahidəsi var: "Nə sirdirsə, yerli qoyunlar metis qoyunlara nisbətən balalarına daha mehriban olur".

© Sputnik / Shahperi AbbasovaÇoban dəyəsi
Çoban dəyəsi  - Sputnik Azərbaycan
Çoban dəyəsi

Çobanlar günəş, yağış, qar, isti-soyuq bilmədən ömürlərinin böyük hissəsini çöllərdə, dağlarda keçirir, gecələri alaçıqlarda yatırlar. İmamsəddin dayının sözlərinə görə, çoban gərək ayıq-sayıq ola, yatanda da qulağı səsdə ola ki, sürünün başına bir iş gəlməsin.

"Heyvanlar diqqət, qayğı tələb edir. Kiçik bir məsuliyyətsizlik, diqqətsizlik sürüdə fəlakətə səbəb ola bilər. Ona görə də, bizə "çoban" deyib keçməyin. Ağıllı insanları idarə etməyə nə var ki. Qoyunları idarə etmək sizə elə də asan gəlməsin. Çünki ağıllı insan problemlərini özü həll edir. Qoyun isə həmişə bunu onun əvəzindən həll etməyi sahibinin ixtiyarına buraxır", — danışır müsahibimiz…

Xəbər lenti
0