BAKI, 1 dek — Sputnik. Paytaxtın Əhməd Rəcəbli və Şövkət Məmədova küçələrinin arasındakı 750 m-lik hissədə təmir işləri aparılıb. Bu barədə Sputnik-ə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Aparılan təmir-tikinti işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb və küçənin 10 min m2 —dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənib. Bundan əlavə 1500 paqon-metr köhnə səki daşı yenisi ilə əvəzlənib, mövcud piyada səkiləri isə bərpa edilərək asfaltlanıb.
"Bundan başqa yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları qoyulub, həmçinin yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib", — A. Nəcəfli bildirib.
Qeyd edək ki, təmir-tikinti işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Belə ki, ərazidə yeni su və kanalizasiya xətləri çəkilib. Avtonəqliyyat vasitələrinin normal hərəkətini təşkil etmək üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılıb.
Xatırladaq ki, Cəfər Xəndan küçəsində təmir işləri Bakı şəhərində avtonəqliyyat vasitələrini və vətəndaşların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində atılan kompleks addımlar çərçivəsində aparılıb.