BAKI, 30 noy-Sputnik. Ermənistan paytaxtında və ola bilsin ki, digər yerlərdə də kütləvi satışa çıxarılan qlobusda Ermənistanın xəritəsi yoxdur. Daha doğrusu, bu ölkənin ərazisi münasibətləri heç də yaxşı olmayan qonşu dövlətlər arasında bölüşdürülüb.
“İlk baxışdan adama elə gəlir ki, hər bir məktəbli üçün zəruri olan bu predmet Türkiyədən gətirilir. Amma sirr deyil ki, Türkiyə ilə Ermənistan arasında de-fakto olaraq heç bir ticarət əlaqəsi yoxdur. “ – deyə Sputnik Ermənistan-ın müxbiri yazıb. O, bu faktı araşdırarkən maraqlı məlumatlar əldə edib. Ermənistanın yox edildiyi qlobusları axtara-axtara gedib məşhur “Petak” topdan satış mərkəzinə çıxıb. Birinci dükanda o, kifayət qədər keyfiyyətli qlobusları görüb.
Ermənistanın ərazisi nəzərəçarpacaq dərəcədə böyük olmasa da, hər halda bu qlobuslarda əksini tapıb. Satıcı bildirib ki, bu malı Rusiyadan gətiriblər. Ermənistanın yoxa çıxdığı qlobusun Türkiyədən gəlib-gəlmədiyini soruşan müxbirə isə satıcının cavabı bu olub ki, “biz Türkiyədən heç nə gətirmirik.”
Müxbirin müşahidələrinə görə, mağazadakı bütün oyuncaqlar və dəftərxana ləvazımatları Rusiyadan gətirilib. Satıcı deyib ki, onlara Rusiyadan başqa heç bir qonşu dövlətdən mal gəlmir.
Amma qlobuslar arasında olan böyük qlobusda Yerevan Türkiyənin tərkibində göstərilib.
Müxbir bu məhsulu Ermənistana kimin gətirdiyi ilə maraqlanıb. Məlum olub ki, bu malı dükanın sahibi özü gətirib. “Siz burada Ermənistanın olmadığını görmürsüz?” sualına cavabında sahibkar deyib ki, “Buna fikir verməyib”.
Sahibkarın sözlərinə görə, onlar bu malları Dubaydan gətirirlər. “Biz bu malı Dubaydan gətiririk. Mən bilmirəm onlar bu malı haradan alırlar. Ola bilsin ki, Çindən gətirirlər. Biz malı seçəndə onun içini öyrənmirik, kataloqa əsasən sifariş edirik və bağlama şəklində də alırıq” – deyə sahibkar bildirib.
Lakin qlobusun üzərində “Made in China” nişanı yoxdur. Satıcı-məsləhətçinin sözlərinə görə, bu nişan ancaq bağlamanın üzərində olur və onlar artıq o bağlamanı atıblar.
"Bu qlobuslar ümumiyyətlə satılmır. Bizdə hələ onlardan çox qalıb. Ola bilsin ki, ildə cəmi 4-nü satarıq" – deyə satıcı-məsləhətçi bildirib. Keyfiyyəti və qiymətinin baha olması səbəbindən, ola bilsin ki, onlar hələ uzun müddət piştaxtada qaldılar.
Maraqlıdır ki, analoji hal bir müddət əvvəl Azərbaycanda da olmuşdu. 2009-cu ildə Bakıdakı dəftərxana ləvazımatı satılan dükanların birinin sahibi qaçaqmalçılıq yolu ilə Çindən 200-dən artıq ucuz qlobus gətirmişdi. Sonra məlum olmuşdu ki, orada Azərbaycan yoxdur və onun ərazisi Ermənistanla Gürcüstan arasında “bölüşdürülüb”. Hüquq-mühafizə orqanlarının əməkdaşları bu məhsulları təcili olaraq bazardan yığışdırıblar və sahibkara qarşı qaçaqmalçılıq yolu ilə əldə olunmuş malları saxlamağa görə cinayət işi açıblar.
Bu hadisədən bir il sonra isə, Azərbaycanda üçüncü sinif şagirdləri üçün qlobus tapılmırdı. Çünki Çin istehsalı olan həmin qlobuslarda bütün ölkələr öz adları ilə göstərilmişdi, Azərbaycanın əvəzinə isə Ermənistanın adı.