Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Mən güzgü rolunu oynayıram"

© Photo : Javid MammadovFotoqraf Cavid Məmmədov
Fotoqraf Cavid Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyada yaşayan həmyerlimiz Cavid Məmmədov küçə fotoqrafiyası sahəsində böyük uğurlara imza atıb.

BAKI, 30 noy — Sputnik. Rusiyada yaşayan həmyerlimiz Cavid Məmmədov çəkdiyi fotolarla bu ölkədə qısa bir zamanda ən məşhur fotoqraflardan birinə çevrilib. Cavid Məmmədov hətta Rusiya Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə ''Best Of Russia'' tərəfindən 2015-ci ilin ən yaxşı fotoqraflarının seçildiyi foto-müsabiqədə qaliblərdən biri olub. Gənc və perspektivli fotoqraf küçə fotoqrafiyasının sirlərini Sputnik-lə bölüşüb. Müsahibəni təqdim edirik.   

— Niyə məhz küçə fotoqrafiyası ilə məşğul olmaq qərarına gəldiniz?

— Uzun illər rəssamlıq təhsili aldığım üçün kompozisiyaya qarşı olan marağım əvəzolunmaz idi və bu məni özüm də bilmədən fotoqrafiyaya doğru yönəldirdi. Mütəmadi olaraq getdiyim yerlərin və dostlarımın fotolarını çəkib onlarla bölüşürdüm. Ancaq heç vaxt fotoqraf olacağımı və bu qədər irəliyə gedə biləcəyimi xəyal etməmişdim. Artıq anlayıram ki, əgər həyatımızı planlaşdıra bilsəydik, o zaman həyat bizim üçün heç bir maraq kəsb etməzdi. Hadisələr gözlənilmədən baş verdiyi üçün yaşamağa dəyər. Eynilə küçədə foto çəkdiyim zaman elə hadisələrlə qarşılaşıram ki, hadisələr bu janrda foto çəkməyim üçün mənə böyük stimul verir. Nəticədə foto çəkməyə başladığım ilk gündən indiyədək bu janrda davam edirəm. 

© Photo : Javid MamedovMoskva metropoliteninin eskalatorunda, atasının qucağında yuxuya getmiş uşaq
Moskva metropoliteninin eskalatorunda, atasının qucağında yuxuya getmiş uşaq - Sputnik Azərbaycan
Moskva metropoliteninin eskalatorunda, atasının qucağında yuxuya getmiş uşaq

Ancaq onu da qeyd etmək istəyirəm ki, bu janr çərçivəsində çəkdiyimiz fotolar yaşamaqda olduğumuz həyatın məhz özünü yansıtsa da, bir fotoqrafın uzun müddət eyni janrda işləməsini doğru hesab etmirəm. Çünki, belə olduqda beyin sadəcə biristiqamətli inkişaf edir, nəticədə zamanla fotoqraf fərqində olmadan fotolarında təkrarçılığa yol verməyə başlayır. Məhz buna görə də fotoqraf daima yeniliklər axtarışında olmalı və fərqliliklərdən qorxmamalıdır. 

 Çəkilişlər zamanı ətrafdakılar tərəfindən münasibət necə olur?

— Küçə çəkilişləri ilə yanaşı Moskva metrosunda da fotolar çəkirəm. İstər küçədə, istərsə də Moskva metrosunda foto çəkdiyim zaman bir çox maneələrlə qarşılaşıram, ancaq bu sənətə maraq qatan məhz elə bu maneələrdir deyə düşünürəm. İnsanların narazılığına gəldikdə isə bu normaldır, çünki hər təfəkkürdə insanlar mövcüddür. Xüsusilə də minlərlə miqrantın işləmək üçün gəldiyi şəhər olan Moskvada dolayısı ilə bu normal hal hesab oluna bilər.

© Photo : Javid MamedovMoskva metropoliteninin stansiyalarından birində
Moskva metropoliteninin stansiyalarından birində  - Sputnik Azərbaycan
Moskva metropoliteninin stansiyalarından birində

Ancaq bütün bunlara baxmarayaraq, insanlar çox vaxt onların fotolarını çəkdiyim zaman bunu normal qarşılayır və hətta gülümsəyirlər, ancaq təbii ki, bəzən qarşı olanlar da olur. Belə olduqda heç bir müzakirə etmədən şəkilləri silirəm və bu onların haqqıdır. Mən hər şeydən əvvəl insanların hüquqlarına hörmətlə yanaşıram.   

 Fotoqraflar küçə fotoqrafiyası ilə cəmiyyətə hansı sözü demək istəyir?

— Fotoqraflar məhz çəkdikləri fotolarla daima sözlərini deməyə çalışıblar və çalışmağa da davam edirlər. Ümid edirəm ki, insanlar çəkdiyim fotolara baxdıqda nəyi nəzərdə tutduğumu anlaya bilirlər. Çünki fotoqraf demək istədiyini sözlərlə deyil, çəkdiyi fotolarla izah etməlidir. 

© Photo : Javid MamedovHəyatın dibində...
Həyatın dibində... - Sputnik Azərbaycan
Həyatın dibində...

Bu sənətdə demək istədiyim odur ki, insanlar çəkdiyim fotolara baxdıqda nələr hiss etdiklərini özləri görsünlər. Bir növ güzgü rolunu oynayıram və ümid edirəm ki, insanlara bunu qismən də olsa yaşada bilirəm. 

 Küçə fotoqrafiyası bir qədər təhlükəlidir. Çünki çəkdiyiniz insanlar tərəfindən reaksiyanın necə olacağını bilmək olmur. Rusiya vətəndaşları necədir?

— Rusiya vətəndaşları fərqlidir, xüsusilə də gənc nəsil. Çünki gənc nəsil bu kimi halları yaşlı nəsildən daha normal qarşılayır, ancaq bəzən tərsinə də ola bilir, bu daha çox fotoqrafın insanlarla qurduğu əlaqədən asılıdır. Bəzən elə hallar da olur ki, insanlar arxamca qaçaraq məni qovurlar. Ancaq bütün bunlara baxmayaraq, bu fotoları çəkdiyim zaman onlarla gözəl dost qazanmışam. Bunları nəzərə alaraq mənfi hadisələrin məni həvəsdən salaraq fotodan uzaqlaşdırmasına icazə vermirəm və bunun nəticəsində bu gün foto sahəsində bir çox dəyərli nailiyyətlər qazanmışam. Önəmli olanın həvəsdən düşməmək və gördüyüm işin ardınca sonuna qədər getmək olduğunu düşünürəm və bu düşüncə mənə güc verir. 

© Photo : Javid MamedovDüşüncələr
Düşüncələr - Sputnik Azərbaycan
Düşüncələr

 Küçə fotoqrafiyası ilə qazanc əldə etmək olur?

— Bəli, olur. Müxtəlif layihələrə qoşularaq və hətta müsabiqələrdə iştirak edərək pul mükafatları belə qazanmaq mümkündür. Bununla yanaşı müxtəlif jurnallara da bu janr üzrə çəkilmiş fotoları satmaq olur. Bu janr fotoqrafın karyerasında və çəkdiyi fotoların inkşafında əvəzsiz rol oynayır. Məhz buna görə də küçə fotoqrafiyası foto janrları arasında ən öndə gəlir. 

P.S. Cavid Məmmədov fotoqraf kimi bir sıra mükafatlara layiq görülüb.

2007-ci ildən 2010-cu ilədək olan dövrdə bir neçə müsabiqədə iştirak edib, orada 1 və 2-ci yerlərə layiq görülüb. 2007-ci ildə Hindistanda keçirilən “Shankar's International Children’s Competition” beynəlxalq incəsənət müsabiqəsində çəkdiyi rəsmlərlə qalib olub və gümüş medal qazanıb. "Heydər Əliyev və müstəqil Azərbaycan'' adı altında Azərbaycanda keçirilən rəsm müsabiqəsində ikinci yerin qalibi olub. 2015 və 2016-cı illərdə Litvada keçirilən “21-ci əsrdə gənclər” adlı fotomüsabiqələrin qaliblərindən biri olub.

Xəbər lenti
0