BAKI, 29 noy — Sputnik. Bu gün Milli Məclisin plenar iclasında "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" Qanuna dəyişikliklərə baxılıb. Sputnik xəbər verir ki, təklif olunan varinata əsasən, bu qanunun 10.1-ci və 10.2-ci maddələrində nəzərdə tutulan məlumatlar elmi mətnlərlə məhdudlaşdırılmalı, süni qidalanmanın ana südü ilə eyni olması, onu tam əvəz edə bilməsi, körpələrin ana südü ilə qidalanması ilə müqayisədə süni qidalanmasının üstün olması təsəvvürünü yaratmamalıdır.
Dəyişikliyə görə, süni qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayımlanması qadağandır. Yalnız sertifikatlaşdırılma barədə sənədləri olduqda, süni qida məhsulları reklam edilə bilərlər.
Bu halda reklamda sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Süni qida məhsullarının reklamının açıq məkanda yerləşdirilməsi qadağandır. Süni qida məhsullarının reklamında onlardan istifadənin yaş məhdudiyyətləri haqqında məlumat verilməli, mütəxəssislərlə məsləhətləşmənin zəruriliyi, ana südünün üstünlüyü qeyd olunmalıdır.
Dəyişiklik "Reklam haqqında" Qanuna uyğunlaşdırma məqsədi daşıyır. Qanun layihəsi səsə qoyularaq təsdiqlənib.