CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev Azərbaycanda kosmik sənayenin inkişafından danışıb

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidПрезидент Азербайджана Ильхам Алиев
Президент Азербайджана Ильхам Алиев - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident: “Növbəti telekommunikasiya peykimiz “Azerspace–2”nin orbitə çıxarılması Azərbaycanda kosmik sənayenin inkişafında yeni mərhələnin təməlini qoyacaqdır.”

BAKI, 29 noy-Sputnik. “Növbəti telekommunikasiya peykimiz “Azerspace–2”nin orbitə çıxarılması Azərbaycanda kosmik sənayenin inkişafında yeni mərhələnin təməlini qoyacaqdır.”

Sputnik xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin “Bakutel–2016” XXII beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransının iştirakçılarına ünvanladığı müraciətdə yer alıb. 

Sərgi və konfrans iştirakçılarını salamlayan və onların hər birinə gələcək işlərində uğurlar diləyən İlham Əliyevin müraciətində deyilir: 

“Xəzərətrafı regionda telekommunikasiya və informasiya texnologiyaları üzrə ən nüfuzlu tədbirə çevrilmiş bu ənənəvi sərgi və konfrans, bir qayda olaraq, ölkəmizin, eləcə də dünyanın bir sıra dövlətlərinin və aparıcı şirkətlərin yüksək texnologiyalar sahəsində ən son nailiyyətlərinin təqdim edildiyi məkan rolunu oynayır.

Bu gün davamlı tərəqqi dövrünü yaşayan Azərbaycanda yüksək texnologiyalar sahəsinin inkişafı prioritet istiqamət kimi müəyyənləşdirilmişdir. Müasir texnologiyalardan lazımınca yararlanmaq üçün ölkəmizdə əlverişli şərait yaradılmış, cəmiyyətin gündəlik həyat fəaliyyətinin tərkib hissəsi olan internetə yüksəksürətli çıxış və ondan sərbəst istifadə imkanı təmin edilmişdir. Hazırda rəqəmli televiziya yayımı həyata keçirilməkdədir. Dövlət idarəçiliyində müasir metodlar və texnoloji yeniliklər sayəsində “elektron hökumət” sisteminin tətbiqi genişlənmişdir.

Texnologiya parklarının fəaliyyətə başlaması, qabaqcıl texnologiyaların bütün sahələrdə tətbiqi, istehsal və investisiyayönümlü innovativ layihələrə dövlət dəstəyi, o cümlədən güzəştli maliyyə təminatı respublikamızda təşəkkül tapmaqda olan startapların inkişafına, gənclərin təşəbbüskarlığının artmasına və nəticə etibarilə iqtisadiyyatımızın dinamik yüksəlişinə xidmət göstərir.

“Azerspace–1” və “Azersky” peykləri dünya kosmik ailəsində ölkəmizin layiqli yer tutmasını təmin etmişlər, eyni zamanda, regionun peyk xidmətləri ilə təchizatında da onların mühüm rolu vardır. Ümidvaram ki, növbəti telekommunikasiya peykimiz “Azerspace–2”nin orbitə çıxarılması Azərbaycanda kosmik sənayenin inkişafında yeni mərhələnin təməlini qoyacaq.

İnanıram ki, sərgi və konfrans çərçivəsində keçirəcəyiniz səmərəli görüşlər, müzakirə edəcəyiniz aktual məsələlər yeni təşəbbüslərin meydana çıxmasına və gerçəkləşməsinə, qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcək.”

Xəbər lenti
0