BAKI, 28 noy — Sputnik. "Bir müddət öncə Azərbaycanda "Publik hüquqi şəxslər haqqında" qanun qəbul olundu. Qanunda onların statusu, fəaliyyəti, digər dövlət orqanları ilə münasibətləri tənzimlənir. Bu, dünya təcrübəsində mövcuddur. Belə ki, dünyanın əksər ölkələrində xüsusilə də Qərb ölkələrində ayrı-ayrı mərkəzi icra hakimiyyəti orqanlarına bağlı olan agentliklər, müəssisələr və s. birbaşa əhaliyə xidmət göstərən qurumlardır. Onların publik hüquqi şəxs statusunda fəaliyyət göstərməsi təcrübəsi geniş yayılıb".
Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə Sputnik-ə açıqlamasında deyib. O bildirib ki, bunun Azərbaycanda tətbiqinin əsas məqsədi bu qurumların özünü maliyyələşdirmə mexanizmlərini inkişaf etdirməkdir. Belə ki, indiyədək bu qurumlar daha çox dövlət büdcəsindən maliyyələşirdi.
"Burada ən vacib məqamlardan biri ondan ibarətdir ki, belə qurumlar publik hüquqi şəxs statusu alandan sonra, artıq nazirliklərin, ümumiyyətlə, ayrı-ayrı məmurların, yəni üst qurum məmurların bunların fəaliyyətinə ciddi müdaxilə imkanları olmur. Çünki, onların fəaliyyəti qanunla tənzimlənir. Konkret olaraq qanun qarşısında cavabdeh olan bir qurum kimi fəaliyyət göstərirlər", — ekspert bildirib.
Hüquqşünas Elyar Həsənov da məsələni Sputnik-ə şərh edib: "Əvvəla, publik hüquqi şəxs ayrıca hüquqi şəxsdir. Yəni, hər hansı münasibətlərin müstəqil iştirakçısı ola bilir və təşkilat buna görə məsuliyyət daşıyır. Əmlakına və s. görə məsuliyyət daşıyır".
"Burada vacib fərq budur ki, dövlət qurumu olanda, orada çalışanlar dövlət qulluqçusu hesab olunur və maliyyələşmələri bilavasitə büdcədən həyata keçirilir. Onların hakimiyyət daşıyıcısı vəzifələri daha çox olur. Publik hüquqi şəxs isə odur ki, müəyyən dövlət və ictimai əhəmiyyətli məsələlərin həlli ilə bağlı onlara səlahiyyət verilir", — hüquqşünas qeyd edib.
E. Həsənov digər mühüm məqama da aydınlıq gətirib: "Burada vacib məqam budur ki, onlar qanuna zidd olmayaraq, özlərinin də müəyyən fəaliyyətindən gəlir əldə edə bilir. Yəni, özləri-özlərini maliyyələşdirə bilirlər. Büdcədən başqa da onların gəlir mənbələri ola bilir. Həmçinin, onlar öz fəaliyyətlərindən gələn gəlirlə işçilərinin sosial təminatını daha yüksək edə bilirlər".
"Bu, publik hüquqi şəxslər vasitəsilə dövlətin yükünün, yaxşı mənada azaldılmasıdır. Bu, müsbət bir institutdur. Büdcədən pul ayrılacaq, lakin əvvəl olduğu kimi, qurum tamamilə büdcədən maliyyələşməyəcək. Publik hüquqi şəxsin fəaliyyəti nəticəsində gəlir mənbələri normal olduqda onlara ayrılan büdcə az və ya çox ola bilir".
O, qeyd edib ki, publik hüquqi şəxsin məqsədi gəlir əldə etmək deyil: "Müəyyən xidmət haqlarının, rüsumların toplanmasından da öz büdcələrini formalaşdıra bilər. Yəni, məqsəd gəlir əldə etmək deyil, məqsəd həmin sahənin daha yaxşı təşkil olunub idarə edilməsidir. Amma qanun yol verir ki, publik hüquqi şəxs dövlət qurumundan fərqli olaraq, özü üçün maliyyə mənbələri formalaşdırsın".
Qeyd edək ki, prezident İlham Əliyev "Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" fərman imzalayıb. Prezidentin fərmanı ilə yeni publik hüquqi şəxslər yaradılıb.