Ekspert: Azərbaycanda alıcılıq qabiliyyəti də xeyli dərəcədə zəifləyib. Qiymətlərin kəskin artması iş adamlarına da ciddi şəkildə sərf etməyəcək.
"Kifayət qədər dolların möhkəmlənməsi prosesi gedib. Bu da bütün ölkələrin milli valyutalarına, o cümlədən türk lirəsinə təsir göstərib". İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik-ə açıqlamasında deyib ki, Türkiyədən Azərbaycana gələn məhsulların yaxın gələcəkdə qiymətinin artmasını müşahidə edəcəyik.
Ekspert Türkiyənin Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olduğunu da xatırladıb: "Türkiyədən gələn məhsulların qiymətinin artması ehtimalı var. Çünki, lirə ilə satış həyata keçirilsə də, müəyyən itkilərini qarşılamaq üçün istehsalçılar qiymətlərin artırılmasına üstünlük verirlər. Azərbaycan manatının da dollar qarşısında son vaxtlar zəifləməsini nəzərə alsaq, bu baxımdan Türkiyədən gələn məhsulların Azərbaycan manatı ekvivalentində daxili bazarda satış qiymətlərində artım müşahidə olunacaq".