Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan yumurta ixrac etməyə hazırlaşır

Abunə olmaq
Aydın Vəliyev: "Azərbaycanda istehsal edilən yumurta İraqa, Əfqanıstana ixrac edilə bilər"

BAKI, 25 noy — Sputnik. "Azərbaycanda yumurta istehsalı kifayət qədərdir və tələbat tam ödənilir. Artıq yumurtanı ixrac etməyə hazırlaşırıq. Hazırda xarici bazar axtarırıq ki, ixrac edək".

© Photo : Azpress.azAydın Vəliyev
Aydın Vəliyev - Sputnik Azərbaycan
Aydın Vəliyev

Bunu Azərbaycan Quşçular Cəmiyyətinin (AQC) sədri Aydın Vəliyev Sputnik-ə açıqlamasında deyib. Cəmiyyətin sədri bildirib ki, ölkədə lazımi səviyyədən də çox yumurta istehsal edilib və hazırda anbarlarda artıq yumurtalar var və yumurtanın qiymətində artım da gözlənilmir.

"Hazırda yem bazası ilə bağlı müəyyən təkliflər var. Qış çıxandan sonra bilinəcək. Əsas soyadır və onun da əkinini artıracaqlar. Qarğıdalı, buğda da var. Yavaş-yavaş bu məsələ həllini tapacaq. Hazırda bağlı olan quşçuluq müəssisələri var. Çünki, bunlar xırda müəssisələrdir. Bunlar manatın devalvasiyasına dözmədilər, hər şey bahalaşdı", — A. Vəliyev qeyd edib.

O, ölkə daxilində satışın manatla olduğunu, amma yem, yem əlavələrinin xaricdən dollarla alındığını bildirib: "Xərc demək olar ki, 2 dəfə artdı. İstehsalı nisbətən az olan müəssisələrin fəaliyyəti müvəqqəti olaraq dayandı. Amma Azərbaycanda yumurta istehsalı lazımi qədər var, digər iri quşçuluq müəssisələri kifayət qədər yumurta istehsal edir. İstehsal yüksək səviyyədədir".

"Azərbaycanda istehsal edilən yumurta İraqa, Əfqanıstana ixrac edilə bilər", — deyə o, əlavə edib.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti son günlər bəzi kütləvi informasiya vasitələrində Çindən Azərbaycana saxta yumurta idxal edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Xidmət bildirib ki, 2016-cı il ərzində Çin Xalq Respublikasından Azərbaycana yumurta idxalı olunmayıb. Bu ölkədən Azərbaycana süni yumurta idxal edilməsi və satılması ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır, heç bir fakta söykənmir. Ölkəyə idxal edilən bütün növ heyvan, heyvan mənşəli, eləcə də quş əti və quşçuluq məhsulları Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirildikdən sonra həmin məhsulların istifadəsinə icazə verilir.

Onu da qeyd edək ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, 2016-cı il ərzində Çin Xalq Rspublikasından Azərbaycana, ümumiyyətlə yumurta idxalı qeydə alınmayıb və bu ölkədən Azərbaycana saxta yumurta idxal edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Xəbər lenti
0