BAKI, 25 noy — Sputnik. Amerika Birləşmiş Ştatlarında maraqlı və ibrətamiz hadisə yaşanıb. Belə ki, Çikaqo şəhərində yaşayan Kristofer Dempsi adlı kişi, iki il öncə əməliyyatla qaraciyərini bağışladığı Hezer Kruqer adlı xanımla ailə həyatı qurub. Sputnik bu barədə Türkiyə KİV-nə istinadən məlumat verir.
Evli cütlüyün eşq hekayəsi, Dempsi 2014-cü ildə dəniz piyadası işləyərkən yaşanıb. İş yoldaşı ona əmisi qızına təcili qara ciyər köçürülməli olduğunu, əks halda onun ölə biləcəyini söyləyib.
İngiltərənin özəl telekanallarından birinə müsahibə verən Dempsi, həmin hadisəni bu cür nəql edib: "İş yoldaşım o sözləri mənə deyəndə bir anda dayanıb düşündüm. Düşündüm ki, əgər o vəziyyətdə mən olsaydım və kimsə mənə yardım əli uzatsaydı, nə hiss edərdim? Dərhal qərar verdim və dostuma dedim ki, əməliyyatla qara ciyərimin yarısını o xanıma verə bilərəm".
Əməliyyatdan sonra Hezer Kruqeri şam yeməyinə dəvət etdiyini söyləyən Kristofer Dempsi, həmin axşam ona qarşı ciddi duyğular hiss etdiyini bildirib. "Və nəhayət biz bu il evlənməyə qərar verdik", deyə — keçmiş dəniz piyadası əlavə edib.