BAKI, 24 noy-Sputnik. Noyabrın 24-də Milli Məclisdə TürkPA-nın Ətraf mühit və təbii ehtiyatlar komissiyanın 2-ci iclası keçirilib.
Parlamentin mətbuat xidmətindən Sputnik-ə bildiriblər ki, iclası komissiyanın sədri, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov açaraq ətraf mühit və təbii ehtiyatlar komissiyasının TürkPA-nın ən gənc komissiyası olduğunu, buna baxmayaraq hər zaman qlobal mahiyyəti olan məsələlərin müzakirəsini önə çəkdiyini qeyd edib.
Bildirilib ki, cəmiyyəti gələcək qlobal təhlükələrdən qorumaq, insanları bu yöndə maarifləndirmək komissiyanın əsas fəaliyyət istiqamətlərindəndir. Bu gün dünyada qlobal iqlim dəyişikliyi, atmosferin ozon qatının aşınması, havanın, suyun, ətraf mühitin çirklənməsi böyük təşviş yaradır. Bəzi Avropa ölkələrində, Amerika qitəsində yaşayan hər bir insan il ərzində ətraf mühitə 800 kiloqrama yaxın tuullantı atırlar. Orada yaşayan əhalinin sayını nəzərə alsaq nə qədər böyük təhlükə qarşısında olduğumuzu hiss edərik.
Qeyd edilib ki, bu gün dünyada içməli su ilə bağlı böyük narahatlıq hiss olunmaqdadır. 1,5 milyard insan çirklənmiş sudan istifadə edir, 3,5 milyard insan isə içməli sudan hər hansı bir şəkildə qıtlıq və əziyyət çəkir. Hər il dünyada 7 milyon hektar torpaq korroziyaya uğrayaraq məhsuldarlığını itirir. Son yüz ildə mövcud 20 milyon hektar flora və fauna örtüyünün 900 min hektarı müxtəlif səbəblərdən məhv olub.
Əhliman Əmiraslanov rəhbərlik etdiyi komissiyanın bu məsələlərin qarşısının alınmasında, maariflənmə prosesinin sürətləndirilməsində mühüm işlər gördüyünü diqqətə çatdırıb.
İclasda komissiyanın sədr müavini, Türkiyənin TürkPA-dakı nümayəndə heyətinin üzvü Feyzullah Kıyıklık “Qlobal iqlim dəyişikliyi: üzv ölkələr üçün səbəbləri və nəticələrinə dair hesabat” məruzəsini təqdim edib. O, mövcud problemlə əlaqədar türkdilli dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinin önəmini qeyd edib. Ətraf mühitin qorunması üçün təbii qaynaqların mühfizəsinin vacibliyinə diqqət çəkib.
İclasda hesabat təsdiqlənib və səsvermə yolu ilə Feyzullah Kıyıklık bu məsələ üzrə qurumun plenar sessiyasında məruzəçi təyin edilib.
Toplantıda iştirak edən Ekologiya və Təbii sərvətlər nazirinin birinci müavini Firdövsi Əliyev ölkəmizdə son illər ekologiya və ətraf mühitin qorunması sahəsində görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb. Ölkə başçısının sərəncamı ilə 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan olunmasını bu sahəyə ən böyük diqqət kimi qiymətləndirib. Ekologiyanın və təbiətin mühafizəsinin bütün bəşəriyyət üçün əsl töhfə olduğunu deyib.
Komissiyada Milli Məclisin deputatı Muxtar Babayev, Qazaxıstan parlamentinin nümayəndəsi Aliyə Saparova, Qırğızıstan parlamentinin nümayəndəsi Müzeffer İsakov mövzu ilə əlaqədar fikirlərini bildiriblər. Qeyd olunub ki, qloballaşan dünyada türk dövlətləri arasında bütün sahələrdə əlaqələrin gücləndirilməsi olduqca vacib və əhəmiyyətlidir.
Sonra Əhliman Əmiraslanov “Qlobal iqlim dəyişikliyi: üzv ölkələr üçün səbəbləri və nəticələrinə dair tövsiyə qərarı”nının layihəsini təqdim edib. Sənəd təsdiq edilib.
İclasın sonunda qurumun prosedur qaydalarına uyğun olaraq “Türkdilli ölkələrdə səhralaşma ilə mübarizə üzrə ekspert toplantısının hesabat layihəsi” qəbul edilib. Komissiyanın 3-cü iclasının yeri və vaxtı təyin olunub. Bildirilib ki, gələn ilin ikinci yarısında Qazaxıstan paytaxtı Astanada keçirilməsi planlaşdırılan toplantı “Alternativ enerji mənbələrinin inkişafı” mövzusuna həsr olunacaq.