BAKI, 24 noy — Sputnik. Azərbaycanda yoxlama zamanı dövlət orqanlarına təhrif olunmuş, yanlış məlumatın verən sahibkarlar cərimələnəcək. Bu, Azərbaycan prezidenti İlham Əliyevin 23 noyabr 2016-cı il tarixli sərəncamı ilə qüvvəyə minən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, qanun əsasında sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş dövlət orqanına yoxlama zamanı təhrif olunmuş, yanlış məlumat verən vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcəklər.
Məsələ ilə əlaqədar İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) rəhbəri Qalib Toğrul Sputnik-ə açıqlamasında deyib ki, yoxlamalar ötən ildən 2 il müddətinə dayandırılıb: "Amma yoxlamaların dayandırılması o demək deyil ki, sahibkarlıq subyektlərində yoxlamalar keçirilə bilməz. Əgər İqtisadiyyat Nazirliyi hesab etsə ki, ərzaq təhlükəsizliyi və yaxud dövlətin iqtisadi maraqları ilə bağlı hər hansı bir təhlükə yaranıb. Bu zaman yoxlamaların aparılması barədə qərar verə bilər".
"Hesab etmirəm ki, bu, yoxlamaları artıracaq və yaxud hansısa bir mənfi amillərə yol açacaq. Ümumiyyətlə, yoxlamaların dayandırılması indiki halda çox yaxşıdır, baxmayaraq ki, dünyada yoxlamaları dayandırmırlar. Yoxlamaların daha şəffaf keçirilməsi, korrupsiya və rüşvətin aradan qaldırılması ilə bağlı fəaliyyətlər həyata keçirirlər. Amma hesab edirəm ki, bu 2 il müddəti dövlət orqanlarına imkan verəcək ki, yoxlamaların daha şəffaf aparılması sistemini qursunlar. Yəni, burada da məqsəd budur", — mütəxəssis bildirib.
Onun sözlərinə görə, yoxlamaların dayandırılması o demək deyil ki, sahibkarlar standartların tələblərinə əməl etməməli, ətraf mühitə zərər vurmalı və yaxud dövlətin iqtisadi maraqlarına təhlükə törədən hallar həyata keçirməlidirlər: "Ona görə də hesab edirəm ki, bu dəyişiklik normaldır. Digər tərəfdən, hesab etmirəm ki, oradan gələn müəyyən xırda vəsaitlə hansısa xərcləri maliyyələşdirək və problemləri həll edə bilərik. Ola bilər ki, sahibkar məhsulun istehsalı ilə bağlı tələb olunan standartlara əməl etmir, sənədləri saxtalaşdırır, yanlış, təhrif olunmuş məlumatlar verir və s. Bütün hallarda bu fəaliyyətlər müəyyən məsuliyyət yaratmalıdır. Bununla bağlı inzibati məsuliyyətin olması işin xeyrinədir", — deyə iqtisadçı qeyd edib.
Hüquqşünas, bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov isə Sputnik-ə açıqlamasında deyib ki, dəyişikliyə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində "verilməməsinə və" sözləri "verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya" sözləri ilə əvəz edilib: "602-ci maddənin adı "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulması"dır. Məcəllənin 602.4-cü maddəsində göstərilirdi ki, sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə və sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə — vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir".
"Bu, onsuz da var idi. Sadəcə, yalnız verilməməsinə görə deyil, həmçinin, "təhrif olunmuş" və "yanlış məlumatın verilməsi" əlavə olunub. Bu da düzgündür. Bir var ki, məlumat verilir, amma düzgün deyil, təhrif edilir. Ona görə də təhrif olunmuş, yanlış məlumatın verilməsi bura əlavə edilib. Bir tərəfdən texniki dəyişiklikdir, amma eyni zamanda da çox vacibdir. Çünki, bu, sahibkarlara imkan verə bilərdi ki, məsuliyyətdən haradasa yayınsınlar", — mütəxəssis vurğulayıb.