Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 24 noy — Sputnik. Təqvimə uyğun olaraq qış fəsli hələ başlamasa da, təbiət tələskənlik edərək qışı gətirdi. Dünəndən etibarən narın-narın yağan qar insanlara sürpriz yaşatdı.
Ancaq çoxları üçün bu, xoşagəlməz sürpriz oldu. Çünki zamansız yağan qar və şaxta insanların həyatını çətinləşdirdi. Bu çətinlik Şəkinin yollarında özünü xüsusilə göstərdi.
Sputnik-in bölgə müxbiri xəbər verir ki, noyabrın 22-si gecədən yağmağa başlayan qar, Şəkinin küçə və prospektlərində avtomobillərin hərəkətinə maneə yaradıb. Şəhərin M.Ə.Rəsulzadə prospekti, Arxüstü küçəsi və F.X.Xoyski küçələrində yollar buz bağlayıb. Avtomobillərin və piyadaların hərəkəti, bəzi yerlərdə müşkülə çevrilib.
Anoloji problem Qax rayonunun İlisu və Ağçay kəndlərində də yaşanıb. Qışa hazırlıqsız yaxalanan sürücülər yolda qalıblar. Təkcə minik avtomobilləri deyil, mikroavtobuslar da yağan qardan nəsibini alıb.
Onu da xatırladaq ki, aidiyyatı qurumlar tərəfindən ərazidən qarın təmizlənməsi üçün iş aparılmayıb.