BAKI, 23 noy — Sputnik. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) qurucularından olan, rus ordu generalı Leonid İvaşov, Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında son zamanlar yaşanan gərginliyə münasibət bildirib. O deyib ki, Aİ heç bir zaman Türkiyəni içərisinə almayacaq.
"Buna səbəb, türklərin müsəlman olmasıdır. Ona görə də Türkiyənin gələcəyi Qərbdə yox, Avrasiyadadır", — deyə İvaşov bildirib.
General daha sonra əlavə edib: "Ankara artıq qərarını verməlidir — "ya Qərb, ya da Avrasiya" deməlidir. Türkiyə NATO-ya "soyuq müharibə" illərində qəbul edildi. Sovetlər İttifaqı və Rusiyaya qarşı istifadə edildi. Hamısı bu qədər. Bu gün isə geosiyasi vəziyyət dəyişir. Ona görə də, Türkiyə tarixi yerini almalıdır".
Leonid İvaşov dini təriqətlərin barışması, terrorun məğlub edilməsi və sabitliyin təmin olunması üçün Rusiya-Türkiyə-İran üçlüyünün qurulmasının vacib olduğunu deyib: "Bu ittifaqa Misir və digər ərəb ölkələri də qoşula bilər".
Türkiyənin ŞƏT-ə üzvlük məsələsinin yenidən gündəmə gəlməsini Sputnik-ə dəyərləndirən politoloq Toğrul İsmayıl, bu prosesin elə də asan olmadığını bildirib: "Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyü ilə bağlı çıxışlar daha əvvəl də vardı. Bunun təkrar gündəmə gətirilmə səbəbinə baxmaq lazımdır. Bunu, Avropa İttifaqı ilə münasibətlərdə, prezident Ərdoğanın alternativ variantlar irəli sürməsi kimi görmək gərəkdir. O, bu ideyanı mütəmadi olaraq gündəmə gətirir. Bunun sayəsində, Türkiyə təşkilata müşahidəçi statusu ilə üzv seçilib".
"Şanxay Əməkdaşlıq təşkilatı təhlükəsizliyə söykənən bir qurumdur. Türkiyə də NATO üzvü olduğu üçün, bu təşkilata qəbul edilməsi o qədər də asan deyil. Burada çox şey Türkiyədən yox, Çin və Rusiyadan asılıdır. Çünki ŞƏT-də əsas söz sahibi dövlətlər onlardır", — politoloq bildirib.
T. İsmayıl Türkiyənin bu gün NATO-da olmasında əsas səbəbkarın o vaxtkı SSRİ rəhbərliyi olduğunu deyib: "Türkiyə öz kefinə görə NATO-ya girmədi. Əgər Türkiyə bu gün NATO-dadırsa, əsas səbəbkar Sovetlər İttifaqı və onun lideri Stalinin siyasəti idi. İkinci Dünya Müharibəsi dövründə və sonrasında SSRİ Anadolunun şərqinə, Qars vilayətinə iddialar irəli sürməyə başladı. Eyni zamanda, boğazlara da iddia elədi. Mütləq orada sovet ordusuna aid quru və dəniz qoşunlarına aid hərbi bazalar olmasını istədilər. Belə olan zaman da Türkiyə məcburən ilk əvvəl İngiltərə, daha sonra da Amerika ilə əməkdaşlığa başladı. Və nəticədə NATO-ya üzv seçildi".
"Hazırki dövrdə Rusiya-Türkiyə münasibətləri geosiyasi vəziyyətə görə dəyişə bilər. Çünki bu gün geosiyasi vəziyyətin özü də dəyişib. Ancaq bütün proseslər o qədər sadə və bəsit deyil. Çünki balansın müəyyən edilməsi vacibdir. Dünən elə olub, bu gün belədir, kimi sadə yanaşmamaq lazımdır", — siyasi şərhçi qeyd edib.
T. İsmayıl, rus general Leonid İvaşovun "Rusiya-Türkiyə-İran ittifaqı terror və məzhəbçilik problemini həll edər" fikrinə isə belə münasibət bildirib: "Terrorun bitməsi, məzhəbçiliyin aradan qalxması, hər kəsin arzuladığı bir şeydir. Amma məsələyə real yanaşmaq lazımdır. Bu ölkələrin rejim formaları, bir-birinə olan münasibətlər, hazırki vəziyyət fərqlidir. Könlümüzdə olan hər şeyin gerçəkləşməsi asan məsələ deyil. Bu cür fikirlər bizim yığıncaqlarda da gündəmə gəlib. Hələ İranı bir kənara qoyaraq söyləyirəm, Türkiyə ilə Rusiya arasında münasibətlər gerçək mənada strateji olarsa, bölgədə çox ciddi sülh və sabitlik təmin olunar. İqtisadi inkişaf sürətlənər. Bunun üçün bir çox şeyin edilməsi lazımdır. Lakin təəssüf ki, hələ də iki dövlət arasında həll olunmayan məsələlər, görüş ayrılıqları var. Həmçinin də İran. Orada vəziyyət tamam fərqlidir. Rejim fərqli, dünyaya yanaşma tərzi fərqli və s. İvaşovun dedikləri idealda söylənilən bir fikirdir. Bunun gerçəkləşməsi üçün çox şey edilməlidir".
Mövzunu Sputnik-ə dəyərləndirən politoloq Zərdüşt Əlizadə də Türkiyənin ŞƏT-ə üzvlüyünü real hesab etmir: "Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük məsələsini real hesab etmirəm. Ən azı indiki mərhələdə bu, gerçək söhbət deyil. Amma nəzəri cəhətdən baxdıqda, ŞƏT anti-NATO təşkilatı deyil. Onların sənədlərində NATO ilə hərbi-siyasi-iqtisadi rəqabət içərisində olacaqları barədə heç nə yazılmayıb. Sadəcə olaraq qeyd olunub ki, ŞƏT üzvləri öz ölkələrinin təhlükəsizliyini təmin edəcəklər. Kimə qarşı? Bunu yazmayıblar".
"Eyni zamanda, əgər NATO-nun özü açıq şəkildə elan etmirsə ki, o, Şanxay Əməkdaşlıq Təşkilatının üzvlərinə təcavüzə hazırlaşır, belə olan halda heç bir NATO ölkəsi deyə bilməz ki, Türkiyə niyə ora üzv olmaq istəyir. Çünki Qərb blokunun ŞƏT-ə üzv dövlətlərə qarşı təcavüzkar planı yoxdur", — siyasi şərhçi vurğulayıb.
Politoloq Türkiyəni ŞƏT-ə yönəldən səbəb kimi Avropa İttifaqı amili isə belə izah edib: "Türkiyə Avropanın bir hissəsidir. Sadəcə olaraq türklərin qitəyə siyasi cəhətdən inteqrasiya etməsini Aİ özü istəmir. Çünki qorxurlar. Hələ də onlarda Osmanlının xofu qalıb. Səbəb budur. Qaldı ki, iqtisadi-ticari tərəfdaşlığa, Avropa bazarı Türkiyə üçün son dərəcə önəmlidir. Və ölkə iqtisadiyyatının əsasını təşkil edir".