BAKI, 23 noy — Sputnik. "Prezident Ərdoğan mənimlə görüşündə çox açıq bir şəkildə NATO-ya və kollektiv müdafiə qaydalarımıza bağlı olduğunu söylədi". Sputnik xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq türk jurnalistlərlə görüşündə deyib.
"Ərdoğan NATO-ya bağlılığını bir daha yenilədi. O, bunu təkbətək görüşümüz zamanı mənim üzümə söylədi. Prezidentin bağlılıq ifadə etməsi Türkiyənin və bütün Avropanın təhlükəsizliyi baxımından son dərəcə önəmlidir. Biz alyans ölkələri birlikdə çox güclüyük. Çünki NATO-nun gücü və uğuru kollektiv müdafiədən keçir. Hər hansı NATO dövlətinə hücum olarsa, digər müttəfiqlər dərhal müdaxilə edir və düşmənə birlikdə cavab verilir", — Stoltenberq deyib.
Baş katib sözlərinin davamında qeyd edib ki, Türkiyə alyansı heç vaxt darda qoyacaq, onu zəiflədəcək addım atmaz:
"Mən qətiliklə əminəm ki, Türkiyə, nə vaxtsa bu ortaq müdafiə anlayışını, 5-ci maddəni və NATO birliyini zəiflədəcək heç bir şey etməyəcək".