BAKI, 21 noy — Sputnik. Türk mühəndislər, şübhəli şəxsləri hərəkətə keçmədən təsirsiz hala gətirən "Person of Interest" və "Minority Report" seriallarından ilhamlanaraq proqram hazırlayıblar. Sputnik milliyet-ə istinadla xəbər verir ki, mühəndislik təhsilini Almaniyada tamamladıqdan sonra Türkiyədə öz şirkətini quran Akif Ekin, 1998-ci ildən bəri şəhərlərdə təhlükəsizliyin təmin edilməsi ilə bağlı proqram və texnologiya inkişaf etdirdiklərini söyləyib.
"Polis avtomobillərinə yerləşdirilən yeni cihaz vasitəsilə, hərəkətlərindən şübhələnilən və ya axtarışda olan şəxs müəyyənləşdirilir, ardınca şəhər daxilindəki hər bir hərəkəti izlənilir. Şübhəlinin hərəkət etməyi planlaşdırdığı aydın olduğunda, o, hərəkətə keçmədən təsirsiz hala gətirilir", — Ekin bildirib.
Onun sözlərinə görə, nəqliyyat vasitələrinin üzərinə quraşdırılan bu cihazla üz tanıma, sürət müəyyənləşdirmə, nömrə tanıma mümkündür. Beləcə ağıllı patrul vasitəsi dövrü başlamış olacaq. Akif Ekin məhsulları Azərbaycan, Yaxın Şərq və bəzi Avropa ölkələrinə satdıqlarını, fevral ayından etibarən də ABŞ polisinin istifadəyə başlayacağını söyləyib.