BAKI, 21 noy — Sputnik. Artıq bir neçə gündür ki, mağazalarda ət və ət məhsullarının qiymətinin qalxması ilə bağlı təlaş yaşanır. Sputnik-in əməkdaşının əhali arasında keçirdiyi sorğu da bunu deməyə əsas verir.
Vətəndaşlar bu qida məhsulunda olan kəskin bahalaşmanı heç cür anlaya bilmirlər. Yasamal rayon sakini Tahir Səlimovun sözlərinə görə, ətin qiyməti bir həftə öncə ilə müqayisədə 25-30% qalxıb: "Əgər ət məhsullarında qiymət bu qədər qalxırsa, deməli, bu qədər il ərzində heyvandarlığa ayırılan güzəştli kreditlər əbəs imiş. Deməli, heç bir tutarlı iş görülməyib. Ya da ayrılan pullar lazım olan yerlərə çatdırılmayıb. Mağazalardakı ətin çoxu xaricdən dollarla gətirilir, dollar qalxanda ətin qiymətinin bahalaşmasına təəccüblənməməliyik".
Vətəndaşların narahatlığını yerində araşdırmaq üçün paytaxtdakı bəzi iri marketlərə üz tutduq. Deyildiyi kimi, vitrindəki ət və ət məhsullarının qiyməti olduqca baha idi. "Rahat market"in satıcısı Sputnik-ə açıqlamasında 4-5 gün öncə ilə müqayisədə ətin qiymətinin orta hesabla 2-2.50 manat arası bahalaşdığını deyib.
"4-5 gün əvvəl qiymətlər bu cür baha deyildi. Hazırda bu məhsullar orta hesabla 2-2.50 manat bahalaşıb", — satıcı bildirib.
O, digər qida məhsullarında da ara-sıra bahalaşma olduğunu, ancaq bunun elə də ciddi hiss olunmadığını bildirib: "Digər ərzaq növlərində də arabir bahalaşma müşahidə olunur, ancaq əhali onu elə də çox hiss etmir. Açığı deyim, həmin məhsullar, elə olur ki, bir gün yuxarı, bir gün aşağı qiymətlə satılır. Bu, həmin məhsulu gətirən şirkətin qoyduğu qiymətdən asılıdır. Bəzən düşür, bəzən qalxır".
Qeyd edək ki, problem tək bahalaşmada deyil. Natiq Məmmədov adlı paytaxt sakini Sputnik-in əməkdaşı ilə söhbət zamanı deyib ki, bir neçə gün öncə "Rahat market"dən aldığı məhsulun qiyməti rəfdə yazılanla eyni olmayıb.
"Vitrində, hər zaman aldığım "Calgon"un qiyməti 9.4 manat göstərilmişdi. Yəni, həmişəki qiymət. Ancaq kassadan ayrıldıqdan sonra, onun real qiymətinin 17.5 manat olduğunu gördüm. Təsəvvür edirsiniz, nə boyda fərq var", — sakin deyib.
O, insanları bu şəkildə aldatmağın dəhşətli reallıq kimi dəyərləndirir: "Qiymət qalxsa belə, rəhbərlik gərək bunu rəflərə də yerləşdirsin. Təəssüf ki, bizdə bu cür səhlənkarlıqlar tez-tez baş verir. Bir az diqqətli olmaq lazımdır".