Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İcra başçıları böyük maliyyə ayırmalarından kənarlaşdırılır

© Sputnik / Murad OrujovMaliyyə hesabatı
Maliyyə hesabatı - Sputnik Azərbaycan
Abunə olmaq
Rayonlara ayrılan dotasiyaların xərclənmə mexanizmi dəyişir. Əvvəl həmin vəsaiti yerli icra hakimiyyətləri xərcləyirdisə, artıq regional idarələr vasitəsilə mərkəzi xəzinədarlıq hesabına xərclənəcək.

BAKI, 21 noy — Sputnik. "Dövlət başçısı 2016-cı ilin əvvəlində keçirilən müşavirədə rayonların özlərini maliyyələşdirməsi ilə bağlı fikirlərini bildirib. Bundan sonrakı dövrdə özünü maliyyələşdirən rayonların sayının artırılması ilə bağlı hökumət fəaliyyətə keçib. Nəticədə 2017-ci ilin dövlət büdcəsi hazırlanarkən, 33 rayonun özünü maliyyələşdirməsi məsələsi var. Bu, müsbət haldır. Rayonların özünü maliyyələşdirməsinin təşkili müsbət haldır. Bu, rayonların iqtisadi gücünün, gəlirlərin artımı deməkdir".

© Photo : Seymur Kərimli / Interview.azİqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov  - Sputnik Azərbaycan
İqtisadçı-ekspert Rəşad Həsənov

Bunu Sputnik-ə açıqlamasında, iqtisadçı-ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, hazırda 2017-ci ilin dövlət büdcəsinin hazırlanmasında istifadə olunan metodologiya fərqlidir: "Belə ki, yanaşma gəlirlərin artımı hesabına rayonların özünü maliyyələşdirməsinə keçidi şəklində olmadı. Burada yerli xərclərin azaldılması hesabına özünü maliyyələşdirən rayonların sayında artım müşahidə olundu. Belə ki, yerli xərclərin, təxminən 60-65 faizi təhsil xərcləri hesab olunur. 2017-ci ilin dövlət büdcəsi hazırlanarkən, ibtidai məktəblər xaric, digər bütün növ təhsil xərcləri yerli xərclərin siyahısından çıxarıldı və mərkəzləşdirilmiş xərclərə aid edildi. Bu, bundan sonrakı dövrdə regional maliyyə idarələri, şöbələri vasitəsilə paylanacaq".

"Məhz bu səbəbdən özünü maliyyələşdirən rayonların sayında artım baş verdi. Bu, xərclərin struktur düzəlişləri hesabına baş verib. Amma bundan sonrakı dövrdə əsas məqsəd, məhz yerli gəlirlərin artırılması hesabına özünü maliyyələşdirən rayonların sayında artımın əldə edilməsi olacaq", — ekspert bildirib.

R. Həsənov əlavə edib ki, ölkədə bəzi rayonların, ümumiyyətlə gəlirləri yoxdur: "Məsələn, hazırda işğal altında olan rayonların strukturları fəaliyyət göstərir və onların hansısa formada yerli gəlirlər hesabına öz xərclərini ödəməsi qeyri-mümkündür. Yaxud da zəif inkişaf etmiş regionlar var ki, bunların daim dotasiyaya ehtiyacı var. Amma ümumiyyətlə götürəndə, potensialı, xüsusilə də iqtisadi imkanları üstün olan rayonların özünü təmininin təşkil edilməsi bundan sonrakı dövrdə mühüm parametr hesab olunmalıdır. Hələ bunun üçün Azərbaycana çoxlu vaxt lazımdır".

"Çünki, burada gəlirlərin bölüşdürülməsi məsələsi var. Ölkənin əsas təbii resursu olan neft və neft gəlirləri Abşeron rayonuna, Abşeron yarımadasına aiddir. Bu gəlirlər hansısa formada ölkənin digər şəhər və rayonları arasında da paylanmalıdır. Əks halda burada da ədalətsizlik ortaya çıxır. Amma burada əsas prinsip səmərəlilik olmalıdır. Ümid edirəm ki, növbəti dövrlərdə bu məsələlərlə bağlı daha keyfiyyətli və obyektiv yanaşma ortaya qoyulacaq", — mütəxəssis vurğulayıb.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYİB) eksperti Rövşən Ağayev isə Sputnik-ə açıqlamasında deyib ki, rayonlara ayrılan dotasiyanın kəsilməsi, həmin rayonların gəlirlərinin artması ilə bağlı deyil: "Bunun səbəbi odur ki, onların xərc öhdəlikləri mərkəzləşdirilir. Məsələn, əvvəlki dövrdə təhsil xərclərinin bir xeyli hissəsi yerli xərclər vasitəsilə qarşılanırdı. Üstəgəl, rayonda olan mədəniyyət evlərinin saxlanması məsələsi. Əvvəlki dövrdə bunlar daha çox yerli xərclər vasitəsilə həyata keçirilirdi. Amma getdikcə rayonlarda bir çox qurumların regional idarələri yaranır. Bizdə isə regional idarəetmə olmadığına görə, həmin xərclər mərkəzləşir".

© Photo : R.Ağayevin facebook hesabıİqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayev
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayev - Sputnik Azərbaycan
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayev

"Büdcəyə baxsanız, görəcəksiniz ki, bizim yerli gəlirlərimiz artmır. Amma yerli dotasiya alan rayonların sayı sürətlə azalır. Səbəb odur ki, daha çox xərclər mərkəz vasitəsilə həyata keçiriləcək, yerli icra hakimiyyətləri vasitəsilə deyil. Rayonlara gedən pullar azalmır. Sadəcə onun xərclənmə sxemi dəyişir. Yəni, rayonlara gedən vəsaitlər əvvəl hansı qaydada gedirdisə, həmin qaydada da gedəcək", — ekspert bildirib.

Onun sözlərinə görə, büdcə qanunvericiliyində xərclər iki yerə bölünür: "Mərkəzləşmiş və yerli xərclər. Əvvəl dotasiya kimi verilən xərclər yerli xərclər çərçivəsinə daxil edilirdi, indi isə mərkəzləşmiş xərclər çərçivəsinə daxil edirlər. Amma yenə də yerlərə gedəcək. Sadəcə getmə kanalı dəyişəcək. Əvvəl onu yerli xəzinədarlıq vasitəsilə xərcləyirdilər, indi mərkəzləşmiş xəzinədarlıq vasitəsilə yerlərə ötürüləcək".

"Yəni, xərcləmənin mexanizmi dəyişir. Xərcləyən subyektlər dəyişir. Əvvəl bunu yerli icra hakimiyyətləri xərcləyirdi, indi isə regional idarələr vasitəsilə mərkəzi xəzinədarlıq hesabına xərclənəcək. Fərq budur", — R. Ağayev vurğulayıb.

Qeyd edək ki, millət vəkili Vahid Əhmədov 2017-ci ilin dövlət büdcəsində 33 rayona dotasiya verilməyəcəyini bildirib: "Orta və kiçik sahibkarlığın inkişafında geri qalırıq. 2017-ci ilin büdcəsində 33 rayona dotasiya nəzərdə tutulmayıb. Prezident tapşırıq verib ki, bir çox rayon özü-özünü dolandırmalıdır".

Xəbər lenti
0