BAKI, 21 noy — Sputnik. Dünəndən etibarən Azərbaycanda yeni teatr fəaliyyətə başladı. Qısa zaman ərzində bir ilkə imza atan gənclər, ölkədə fiziki məhdudiyyəti olan insanların iştirakı ilə "ƏSA" adlı teatr yaradıblar.
Dünən ilk tamaşanın premyerası ilə tamaşaçıların görüşünə gələn "ƏSA" teatrının kollektivi, hər kəsi təəccübləndirməyi bacardı. Tamaşadan öncə görmə məhdudiyyəti olan gənclər pianoda və sazda ifa edərək, izləyicilərə musiqi zövqü yaşatdılar. Daha sonra çoxdan gözlənilən məqam gəlib çatdı. "DUMB Mərhələsinin Əsası" adlı tamaşada ilk dəfə səhnəyə çıxan və fiziki məhdudiyyətləri olan gənclər çıxış etməyə başladılar.
Tamaşada Fərid Kazakov, Orxan Adıgözəl, Murad Məmmədov, Elvin Mirzəyev və Nihad Qulamzadə rol alırdı. Tək-tək səhnəyə çıxan gənclər monoloq söyləyərək həyat hekayələrini danışmağa başladılar. Tamaşanın məğzini, cəmiyyətdə baş verən eybəcərliklərin dilə gətirilməsi və fiziki məhdudiyyəti olan insanların həyat hekayələri təşkil edirdi.
Əsərdə islam dinində baş verənlər, məmur özbaşınalıqları, xəyanətkar insanlardan və bu kimi mövzulardan danışılır. Hər bir aktyor bir həyat hekayəsində fərqli mövzuya toxunaraq yaşadığımız cəmiyyəti bir daha özümüzə nümayiş etdirdi.
İlk dəfə səhnəyə çıxan gənclər böyük məharətlə, özlərini itirmədən rollarını ifa etdilər. Xüsusilə, tamaşaçılarla ünsiyyətləri və səmimiyyətləri onları daha da fərqləndirirdi. Eyni zamanda, tamaşada bu gün cəmiyyətdə baş verənlərin səhnəyə gətirilməsi və tamaşaçıya yenidən çatdırılması tamaşanı daha təbii və baxımlı edirdi. Sanki gənclər üçün illərdir, ürəklərində gizlətdikləri arzuları dilə gətirmək fürsəti yaranmışdı.
Gənclərin ilk tamaşası uğurlu alınsa da, bir neçə çatışmazlıq da gözdən yayınmadı. Monoloqların həddindən artıq uzadılması tamaşaçını yorurdu. Eyni zamanda, həddindən çox emosional çıxışlar tamaşanın aurasını ağırlaşdırırdı. Bunlara baxmayaraq, tamaşanın müsbət dinamikada keçdiyini söyləmək olar.