BAKI, 19 noy – Sputnik. Soyuqlar başlayan kimi bir çox analar və nənələr gəzməyə çıxanda uşağın ağzını və burnunu şərflə bağlamaq vacib qaydalardan biri hesab edir.
Onların fikrincə, bu üsulla uşağı soyuqdəymə və tonzillitdən (angina) qorumaq mümkündür. Lakin, təəssüf ki, uşağın yaxşılığını istəyən valideynlər bununla əksinə xəstəliyin riskini artırırlar. Sputnik bu barədə Saglamolun.az-a istinadən məlumat verir.
Hörmətli valideynlər, kiçik bir eksperiment aparaq. Soyuq havada çölə çıxdıqda üzünüzü və burnunuzu şərflə bağlayın. Az bir müddətdən sonra siz hiss edəcəksiniz ki, şərf artıq nəmdir. Nəm mühit mikrobların çoxalması üçün çox əlverişlidir. Beləliklə, havadan nəm şərfin üzərinə düşən mikrob və infeksiyalar burada sürətlə çoxalmağa başlayacaq və sonra uşağın burun və boğazına düşəcək. Bu isə, təbii ki, xəstəliyin riskini yalnız artıracaq.
Nəm şərfdən keçən soyuq hava daha da soyur, uşaq bu havanı udur və bu da özü özündən soyuqdəyməyə səbəb ola bilər.
Normal fizioloji burun nəfəsalması zamanı hava burun boşluğunda isinir, mikroblardan və viruslardan təmizlənir (onlar burnun selikli qişasında "ilişir") və yalnız sonra nəfəs yollarımıza düşür. Bunula orqanizm özü özünü xəstəliklərdən qoruyur və burada heç bir şərf və s. lazım deyil.
Təbii ki, uşaq ağızla nəfəs alırsa bu təhlükəlidir. Soyuq hava bilavasitə uşağın nəfəs yollarına düşür və bu da xəstəliyin riskini artırır. Bu halda uşağın ağzını və burnunu şərflə bağlamağın əvəzinə, uşağı yaxşı LOR həkiminə göstərmək lazımdır.
Beləliklə, soyuq havada uşağın üzünü şərflə bağlamayın, sadəcə burunla nəfəs almasına diqqət edin.
Xəstə, hərarəti olan uşağı soyuq havada çölə çıxartmayın.